“Bayraktar” separatçı Donetskdə ilk kəşfiyyat tapşırığını icra edib –

FOTO
11 Aprel 2021 - 13:02

Ukrayna Silahlı Qüvvələrinə məxsus “Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatı (PUA) aprelin 9-da kritik bir tapşırığı icra edib.

Azpost.info “Poliqon” hərbi jurnalına istinadən bildirir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Başqanlığının (SSB) mətbuat xidməti məlumat verib.

Ukraynanın şərqində ilk missiyasını yerinə yetirən “Bayraktar TB2” PUA, Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazilərində kəşfiyyat, müşahidə və aşkaretmə tapşırıqlarını icra edib. Sözügedən fəaliyyətlər nəticəsində Ukraynanın Donetsk bölgəsindəki rusiyapərəst qüvvələrin istehkamlarının öyrənildiyi bildirilir.

Əməliyyatda “Bayraktar TB2” PUA-nı istifadə etməyə başlayan Ukrayna Silahlı Qüvvələri, PUA-nın uzaq mənzilli zəka qabiliyyəti (İMİNT) sayəsində bölgədəki Rusiya hava hücumundan müdafiə sistemlərinin, zirehli birliklərin və artilleriya batareyalarının yerlərini aşkar edib.

“Bayraktar TB-2” PUA-lar daha əvvəllər, 2020-ci ildə həyata keçirilmiş bəzi təlimlərə qatılıb. Bu təlimlərdə Ukrayna Ordusu “Bayraktar TB2” PUA-ların “Irma” yaylım atəşli reaktiv sistem və “Vilxa” idarə olunan raket batareyaları ilə qarşılıqlı fəaliyyəti test edilib. Bundan əlavə, Dəniz Qüvvələri ilə bir sıra ortaq fəaliyyətlər də həyata keçirilib.

Ukrayna Müdafiə Nazirliyi 2019-cu ildə Türkiyədən 6 ədəd “Bayraktar TB2” PUA, 3 ədəd yerüstü nəzarət stansiyalarını və lazerlə idarə olunan MAM-L mini ağıllı sursatları satın alıb.

Bundan başqa, Ukrayna Müdafiə Nazirliyi bu il 2022-ci ildən etibarən təhvil verilməsi planlaşdırılan PUA-lar üçün 3 milyard qrivna və ya 108,5 milyon ABŞ dolları həcmində büdcə ayırıb. Bu büdcə ilə 25 ədəd PUA-nın alınması planlaşdırılır. Büdcənin böyük bir hissəsinin “Bayraktar TB2” PUA-ları üçün ayrıldığı vurğulanır.

Hal-hazırda Türkiyə ilə birlikdə, Qətərə, Ukraynaya və Azərbaycana ixrac edilən ümumi 160 ədəd “Bayraktar TB2” PUA vəzifələrini yerinə yetirir. “Bayraktar TB2” PUA-lar eyni zamanda ən çox ROKETSAN şirkətinin 4 ədəd MAM-L ağıllı sursatı ilə işləyə bilir.