Belarus ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib

19 Avqust 2020 - 00:00

Ölkənin Müdafiə Nazirliyindən verilən məlumata görə, Belarusun dövlət sərhədi artıq qırıcılarla müdafiə olunur.

Reyting.az-ın məlumatına görə, Müdafiə Nazirliyindən bildirilib ki, döyüş hazırlığı çərçivəsində “An-26 50 SAB”, “Yak-130 116 ShAB”, “Su-30SM 61 IAB” qırıcı təyyarələrinin planlı uçuşları həyata keçiriləcək.

Pilotlar cüt halda havaya qalxacaq təyyarələrdə birgə hərəkət edəcəklər. Bundan əlavə, 19-cu və 120-ci mexanikləşdirilmiş briqadaların zenit-raket artilleriya batalyonları “Tunguska” zenit-raket və top sistemlərindən atəş açmağa və “İgla” portativ hava hücumundan müdafiə sistemlərini işə salmağa hazırlaşırlar.

Müdafiə Nazirliyi əlavə edib ki, hərbi hissələr Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının 174-cü təlim poliqonunda toplanırlar.

Aleksandr Lukaşenko bazar günü NATO qoşunlarının Belarusun qərb sərhədləri yaxınlığında “tırtıllarını cingildətdiklərini” bəyan etmişdi. Bundan əvvəl, o, Şimali Atlantika Alyansının hərbi təlimlərinin keçirildiyi Polşa və Litvada hərbi hissələrin yenidən qurulmasından narahatlığını ifadə etmişdi.

NATO-nun sözçüsü Oana Lungescu buna cavab olaraq alyansın Şərqi Avropada mövcudluğunun yalnız müdafiə xarakterli olduğunu və heç bir təhlükə yaratmadığını söyləyib.(RİA Novosti)