Türkmənistan prezidenti oğlunu baş nazirin müavini təyin etdi

13 İyul 2021 - 08:14

Türkmənistanın dövlət mediası xəbər verir ki, prezident Qurbanqulı Berdımuhammedov oğlu Sərdarı yüksək hökumət vəzifəsinə təyin edib.

O baş nazirin iqtisadiyyat və maliyyə, habelə xarici maliyyə təsisatları ilə işbirliyi məsələləri üzrə müavini olub. Müxbirlər yazırlar ki, Berdımuhammedov oğlunu özünə siyasi varis hazırlayır. Sərdar bundan əvvəl də bir sıra yüksək vəzifələrə təyin edilib.

Prezident 39 yaşlı oğlunu bundan əvvəlki vəzifəsindən – Ali Nəzarət Palatasının sədri vəzifəsindən azad edib və onu təhlükəsizlik şurasının tərkibindən çıxarıb. Bu hökumət dəyişikliklərinin səbəbi barədə heç bir izahat verilməyib.

Sərdar fevral ayında Ali Nəzarət Palatasına sədr təyin ediləndən sonra xeyli məşhurlaşıb. O bu vəzifədə Türkmənistanın xaricə gedən nümayəndə heyətlərinə başçılıq edirdi. Onun Mərkəzi Asiya ölkələrinə səfərləri atasının bu tip səfərlərinə bənzəyirdi. Aprel ayında ölkənin cins at və itlərinə həsr olunmuş bayram şənliklərinin təşkilinə də Sərdar Berdımuhammedov başçılıq etmişdi.

Rəsmi media Sərdar Berdımuhammedovu adətən “xalqın oğlu” adlandırır.