Qazilərlə, Vətən müharibəsi iştirakçıları ilə bağlı daha bir tədbir-seminar düzənlənib.
Tədbir bu dəfə Biləsuvar rayonunda təşkil olunub. Tədbir Vətən Müharibəsi Şəhidi Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimovanın rəhbəri olduğu “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə baş tutub.
Azpost.info xəbər verir ki, avqustun 23-də Biləsuvarda yerləşən “Zirvə” restoranında baş tutan tədbir-seminar üç saata yaxın davam edib.
Tədbirdə “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin sədri, Şəhid anası Tünzalə Abduləlimova, “Vətən Naminə” təşkilatının digər təmsilçiləri, o cümlədən Biləsuvarlı Qazilər, Vətən müharibəsi iştirakçıları və bəzi Şəhid ailələri iştirak ediblər.
Üç saata yaxın davam edən tədbirdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova tərəfindən layihənin mahiyyəti, məqsədi barədə məlumat verilib.
Bildirilib ki, əsas məqsəd Qazilərə, Birinci və İkinci Vətən Müharibəsi iştirakçılarına mənəvi dəstək göstərmək, onlara psixoloji durumları ilə bağlı kömək etmək, eyni zamanda, problemlərini dinləyib, aidiyyatı qurumlara çatdırmaq və həmin problemlərin həllinə nail olmaqdır.
Tünzalə Abduləlimovanın qısa nitqindən-layihə ilə bağlı təqdimatından sonra çıxışlar başlayıb. Biləsuvarlı Birinci və İkinci Vətən Müharibəsi Qaziləri, Şəhid ataları və digər şəxslər çıxış ediblər.
Çıxışlarda Qazilərin üzləşdiyi problemlərindən, xüsusilə, əlillik məsələsində olan nöqsanlardan, süründürməçiliklərdən, işsizlikdən söz açılıb, o cümlədən, Qazilərə mənəvi-psixoloji dəstək göstərilməsindən, onların diqqət və qayğı ilə əhatələnməsinin zəruriliyindən bəhs olunub.