Biləsuvarda 1 yaşlı körpəsi ilə özünü kanala atan qadın həbs edilib

Biləsuvar rayonunun İsmətli kəndində 1 yaşlı oğlu ilə birlikdə özünü kanala atan 30 yaşlı Gülər İmanzadə haqqında həbs qətimkan tədbiri seçilib. Avqustun 15-də Biləsuvar Rayon Məhkəməsində bu barədə qərar çıxarılıb.

Bu barədə onun əmisi oğlu Pərviz İmanov sosial media hesabında məlumat verib: “Hadisənin şokunda olan, psixoloji durumu yerində olmayan Gülərin ifadəsini alıb, heç kimi məhkəməyə buraxmadan ilkin rəy veriblər. 9-12 il veriləcəyi deyilir…”

Özü xilas edilsə də, körpəsi boğulan Gülər İmanzadəyə qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 9 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

İmanovlar ailəsində 1 yaşlı Poladın ölümü və Gülərin həbsindən sonra daha bir faciə yaşanıb. Gülər İmanzadədənin atası Kamal İmanov nəvəsinin ölümü və qızının saxlanması xəbərindən sonra ürək tutmasından vəfat edib. Pərviz İmanovun sözlərinə görə, əmisi ürək xəstəsi idi, qızı və nəvəsi ilə baş baş verənlərə dözə bilməyib.

“Gülərlə məktəbə bir getmişik, evlərimiz yan-yanadı, bir yerdə böyümüşük. Amma mənim oğlan kimi sahib olduğum imtiyazların heç biri onda olmayıb. Azərbaycandakı bir çox qadın kimi ilk fürsətdə ərə verilmə xatirinə evləndirilib. Gülər bütün günü Poladla (oğlu-red.) oynayırdı. Yəqin sahib olduğu ən qiymətli şey idi. Axırda o həddə çatdırıblar ki, öz əlləri ilə uşağını öldürüb. Su dərin olsaydı, yəqin özü də indi yox idi. Amma bir ömür öz uşağını öz əliylə öldürməsinin travmasıyla yaşayacaq. Bəlkə də bir gün özünə qəsd eləyəcək. Yəqin ki, ölümdən betər hissdir. Burada hamının günahı var: əmimin, qayınatasının, Güləri bu həddə o çatdırıb…”

Pərviz İmanov obyektiv araşdırma aparılacağına, ədalətli qərar çıxarılacağına, Gülər İmanzadəni bu həddə çatdıranların da cəzasız qalmayacağına əmin deyil.

Hadisə avqustun 14-də səhər saat 7 radələrində Biləsuvar rayonunun İsmətli kəndində baş verib. 1991-ci il təvəllüdlü Gülər İmanzadə özünü və 1 yaşlı oğlunu kanala ataraq, intihara cəhd edib. Kənd sakinləri qadının həyatını xilas edə bilsə də, 1 yaşlı uşaq boğulub.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə yanaşı, 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə də cinayət işi başlanıb.

Gülər İmanzadənin üç ildir ailə qurduğu bildirilir. Məlumata görə, Biləsuvarın İsmətli kəndində yaşayan ailədə tez-tez dava-dalaş olurmuş.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ali məktəblərə qruplar üzrə ixtisas seçimi ilə bağlı müsabiqə şərtləri açıqlandı

Sonrakı məqalə

Mərdəkan çimərliyində vətəndaşın 35 min manatlıq saatı oğurlanıb