“Bizim günahımız yoxdur” –Yanan “EuroHome”un sahibi ittihamlara cavab verdi

“Axşamkı yanğında bizim günahımız yoxdu. Hazırda araşdırma gedir. Yəqin ki, hər şey bəlli olacaq”.
Bunu “BakuPost”a açılamasında dünən axşam yanğın baş verən “EuroHome” tikinti materialları bazarının rəhbəri Samir Məmmədov deyib.
Onun sözlərinə görə, bazarda yanğından mühafizə olunmaq üçün bütün ehtiyat tədbirləri görülübmüş: “Bazarda nə elektrik naqilləri işləyib, nə qaz olub. Belə olan halda yanğın necə baş verə bilər? Bizim mühafizəçinin sözlərinə görə, yanğın bazarın arxasında yerləşən “TIR parkı”ndan başlayıb. Çox güman ki, onun dedikləri təsdiqlənər. Hazırda burda ciddi araşdırmalar gedir. Bu dəqiqə mən Respublika Prokurorluğunu müstəntiqlərinə ifadə verirəm”.
İş adamı Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun onu məsuliyyətsizlikdə suçlamasına da münasibət bildirib: “Düzdür, cənab nazir bizi məsuliyyətsizlikdə ittiham edir. Amma biz yanğından mühafizə üçün lazım olan hər şeyi etmişdik. Və bu məsələni tam şəkildə, standartlara uyğunlaşdırmaq üçün şirkətlərlə müqavilə bağlamışıq. Dünən yanğını söndürülmısi üçün bazarda olan su ehtiyatından və digər köməkçi vasitələrdən istifadə olundu”.
 
 
Samir Məmmədov sosial şəbəkələrdə yayılan, bazarın başqa yerə köçürülməsi, dalbadal böyük yanğınların baş verməsinin təsadüfü olmadığı ilə bağlı suala belə cavab verib: “Biz öz işimizlə məşğuluq. Hazırda araşdırmalar davam edir. Taxta bazarının bir anda alışması, böyük yanğının baş verməsi təbiidi. Bu bazarda satılan məhsulların əksəriyyəti yanan materiallardı”.
Qeyd edək ki, 11 may 2020-ci il tarixində saat 22:51-də Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında yanğın baş verib. Yanğın saat 00:30-da məhdudlaşdırılıb, 01:30-da isə tam söndürülüb. Ümumi sahəsi təqribən, 22 500 kv.m.-ə yaxın olan bazarın 3 300 kv.m. hissəsi yanıb, bazarın qalan hissəsi yanğından mühafizə olunub.
Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin ümumilikdə 406 nəfər canlı qüvvəsi və 54 ədəd texnikası cəlb olunub.
Onu da bildirək ki, bazar 2019-cu ilin dekabrında da demək olar ki, tam yanmışdı.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Çin virusu çıxdığı yerdə dayandırmalı idi” –

Sonrakı məqalə

İlahiyyat İnstitutuna yeni rektor təyin edildi –