BMT Baş katibi Rusiya prezidentinə məktub göndərdi- Quttereş Putindən nə xahiş edib?

BMT Baş katibi Antonio Quterreş Rusiya prezidenti Vladimir Putinə məktub göndərib.

Azpost.info xəbər verir ki, Baş katib “Rosselxozbank”ın törəmə bankını SWIFT sisteminə qoşmaq müqabilində “taxıl sazişi”nin uzadılmasını təklif edib.

Quterreş Rusiya prezidentindən xahiş edib ki, Aİ ölkələri “Rosselxozbank”ın törəmə bankı ilə məsələni həll edənə qədər Ukrayna taxılının Qara dəniz vasitəsilə təhlükəsiz ixracına icazə versin. O, həmçinin Putini əmin edib ki, BMT Rusiyanın ərzaq və gübrə ixracını daha da asanlaşdırmağa kömək etməyə hazırdır.

Rusiya tərəfi BMT Baş katibinin məktubunu aldığını təsdiqləyib. “Bəli, belə bir müraciət var. Biz onun mahiyyəti ilə tanışıq. Qara dəniz taxıl təşəbbüsünün ən azı iki ay müddətinə uzadılması təklif edilir”, – danışıqlara yaxın mənbə bildirib.

“Financial Times”ın daha əvvəl yazmışdı ki, “taxıl sazişi”ni xilas etmək üçün Aİ “Rosselxozbank”a Rusiya taxıl ixracı üzrə hesablaşmalar üçün SWIFT-ə qoşulacaq törəmə müəssisə yaratmağa icazə vermək imkanını araşdırır. Aİ nümayəndələri bu ideyanı iyun sammitində müzakirə etdilər və onu bütün mümkün variantların ən pisi hesab etdilər.

Rusiya “Rosselxozbank”ın SWIFT-ə yenidən qoşulmasını iyulun 17-də başa çatacaq sövdələşmənin uzadılmasının şərtlərindən biri adlandırıb. Amma Aİ bankı birbaşa əlaqələndirməkdən imtina edir, çünki o, tamamilə dövlətə məxsusdur.

Moskva həmçinin kənd təsərrüfatı texnikası və ehtiyat hissələrinin tədarükünü bərpa etməyi, malların sığortası və təkrar sığortasına qoyulan məhdudiyyətləri aradan qaldırmağı, Rusiya gəmiləri üçün limanlara giriş qadağasını aradan qaldırmağı və “Togliatti-Odessa” ammonyak boru kəmərinin fəaliyyətini bərpa etməyi tələb edir.

“Rosselxozbank” 2022-ci ilin iyununda Ukraynadakı müharibə ilə əlaqədar Qərbin sanksiyaları çərçivəsində SWIFT-dən ayrılıb.

Ukrayna taxılının və gübrələrinin ixracı üzrə Qara Dəniz Təşəbbüsü Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən 22 iyul 2022-ci ildə imzalanıb. O vaxtdan bəri tərəflər müqavilənin müddətini bir neçə dəfə uzadıblar.

Azpost.info

Əvvəlki məqalə

“General Sergey Surovikin hazırda Rostovda istirahətdədir”

Sonrakı məqalə

“Azərbaycan-Ermənistan danışıqlarında müsbət dinamikanın saxlanması əhəmiyyətlidir”