BMT-nin xüsusi məruzəçisi iyulun 5-də Belarusda müxalifətin üç lideri də daxil insan haqları qruplarının siyasi məhbus hesab etdikləri 530 dustağın dərhal azad olunmasına çağırıb.
Reuters agentliyi bildirir ki, Cenevrədə özünün illik İnsan Haqları Hesabatını təqdim edən Anais Marin deyib ki, Belarusda ötən il keçirilmiş mübahisəli prezident seçkisindən sonra vəziyyət pisləşməkdə davam edir: “Belə repressiyalar yalnız totalitar rejimlərdə istifadə olunan metodları xatırladır”.
Marin bunu da deyib ki, Belarus hakimiyyəti özünün ifadə azadlığından istifadə edən 35 min nəfəri dəmir barmaqlıqlar arxasına atıb.
Məruzəçi yada salıb ki, Belarus müxalifətinin üç lideri də məhbus edilənlərin arasındadır və Lukaşenkanın təqiblərinə görə on minlərlə belaruslu xaricə qaçmalı olub.