BMT-nin Baş katibi 24 saatlıq qlobal atəşkəslə bağlı çağırış edib

21 Sentyabr 2021 - 11:10

“Builki Beynəlxalq Sülh Günü bəşəriyyət üçün böhran nöqtəsində olduğumuz vaxta təsadüf edir. COVID-19 dünyamızı alt-üst edib”.

BMT-nin Azərbaycandakı Nümayəndəliyindən verilən xəbərə görə, bunu təşkilatın Baş katibi Antonio Quterreş 21 sentyabr – Beynəlxalq Sülh Günü ilə bağlı videomüraciətində deyib.

O bildirib ki, münaqişələr nəzarətdən çıxır, iqlimlə bağlı vəziyyət pisləşir, bərabərsizlik və yoxsulluq dərinləşir.

“Həmrəylik və əməkdaşlığın daha çox lazım olduğu bir vaxtda inamsızlıq və parçalanma insanları bir-birindən uzaqlaşdırır. Bəşəri ailə olaraq ciddi bir seçimlə üzləşmişik – sülh və ya əbədi təhlükə. Biz sülhü seçməliyik. Bu səbəbdən bu gün 24 saatlıq atəşkəsə çağırıram. Hər bir gün davamlı və dayanıqlı sülh üçün həmrəyliklə çalışsaq, üzləşdiyimiz problemləri həll edə bilərik.

Həyatları xilas edən peyvəndləri və COVID-19-a qarşı müalicəni təcili olaraq təmin etmək üçün sülhə ehtiyacımız var. Pandemiyadan qurtulmaq, dağıdılmış sistemləri və həyatları yenidən qurmaq üçün sülhə ehtiyacımız var.

İmkanları bərabərləşdirmək və bərabərsizliyi azaltmaq üçün sülhə ehtiyacımız var.

Bir-birimizə olan inamı – faktlara və elmə inamı bərpa etmək üçün sülhə ehtiyacımız var.

Planetimizi sağaltmaq, yaşıl iqtisadiyyat qurmaq və tullantıları sıfırlamaq məqsədinə çatmaq üçün təbiətlə sülhə nail olmalıyıq.

Sülh sadəlövh arzu deyil. Sülh qaranlıqdakı işıqdır. O, bizi bəşəriyyət üçün daha yaxşı bir gələcəyə aparan yeganə yoldur. Gəlin, sülh yolu ilə sanki həyatımızın yalnız ondan asılı olduğunu fərz edərək irəliləyək. Çünki, həqiqətən də, elədir”, – deyə Baş katib vurğulayıb.