BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qapalı müzakirəsi başlanır

29 Sentyabr 2020 - 22:40

BMT-nin Təhlükəsizlik Şurasının bağlı qapılar arxasında keçiriləcək toplantısında Dağlıq Qarabağ ətrafında döyüşlərin eskalasiyası məsələsi müzakirəyə çıxarılacaq.

Toplantı Britaniya, Belçika, Estoniya, Fransa və Almaniyanın müraciəti əsasında çağırılıb.

BMT-nin baş katibinin sözçüsü Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışıqları keçirdiyini və tərəfləri atəşin dərhal kəsilməsinə çağırdığını deyib.

Dağlıq Qarabağda bazar günündən etibarən Azərbaycanın artilleriya hücumları zamanı 58 əsgərin, 2 mülki vətəndaşın öldürüldüyü bildirilib.

Azərbaycan tərəfinin itkiləri barədə məlumat verilməyib.

Azərbaycanın Müdafiə Nazirliyinin bəyanatında Ermənistan qüvvələrinin Tərtər şəhərini atəşə tutduğu bildirilib.

Döyüşlərin Türkiyə və Rusiya kimi regional gücləri qarşıdurmaya cəlb edəcəyinə dair qorxular mövcuddur.

Kreml sözçüsü Dmitri Peskov tərəfləri dərhal atəşin dayandırılmasına çağırıb.

ABŞ Dövlət Departamentinin bəyanatında Birləşmiş Ştatların “Dağlıq Qarabağda münaqişə bölgəsində təmas xətti boyu mülki şəxslər də daxil olmaqla, əhəmiyyətli itki ilə nəticələnən genişmiqyaslı hərbi əməliyyatlar barədə məlumatlardan narahatlığı” ifadə edilib. ABŞ ölən və yaralananların ailələrinə başsağlığı verib.

“Birləşmiş Ştatlar zorakılıqların eskalasiyasını ən kəskin şəkildə qınayır. Dövlət katibinin müavini Stefen Biqun Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər Naziri Zohrab Mnatsakyana zəng edərək, tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa, eskalasiyanın daha da artırılmasına yol verməmək üçün mövcud birbaşa kommunikasiya kanallarından istifadə etməyə və yerlərdə gərginliyi artıran yararsız ritorika və hərəkətlərə yol verməməyə çağırıb,” bəyanatda bildirilir.

ABŞ həmçinin “xarici qüvvələrin eskalasiyada iştirakının problemin həllinə kömək etmədiyinə inamını” ifadə edib.

Azərbaycanla müttəfiq Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana tam dəstəyini ifadə edərək Ermənistanı “reionda sülhə və əmin-amanlığa ən böyük təhlükə” adlandırıb

“Türk milləti hər zaman olduğu kimi bu gün də bütün imkanları ilə Azərbaycanlı qardaşlarının yanındadır,” o, Twitterdə yazıb.

ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endrü Şofer) bəyanat yayıb.

Həmsədrlər tərəflərə hərbi əməliyyatları dərhal dayandırmağa və münaqişənin davamlı həll yollarını tapmaq üçün danışıqları bərpa etməyə çağırıb.