“Bölgədə gərginlik heç bir ölkənin xeyrinə deyil” –

İranın Prezident Aparatının rəhbəri  Hikmət Hacıyevə zəng vurdu
27 İyul 2020 - 12:11

“Münaqişələrdə İranın rəsmi mövqeyi ölkələrin ərazi bütövlüyünü və hakimiyyət hüququnu dəstəkləməkdən ibarətdir”.

Bunu İranın Prezident Aparatının rəhbəri  Mahmud Vaezi Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyevlə telefon danışığında deyib. 

M.Vaezi iki ölkə arasında əlaqələrin daha da yaxşılaşması üçün göstərilən səyləri yüksək qiymətləndirib və əlavə edib ki, dünyada koronavirus epidemiyasının yayılması səbəbindən səfərlər, rəsmi görüşlər təxirə salınıb. 

Azərbaycanla və İran arasındakı əlaqələri bölgə ölkələri üçün nümunə sayan M. Vaezi  qeyd edib ki, İran İslam Respublikası həmişə dost və qonşu Azərbaycan xalqının, dövlətinin yanında olub: “Bölgədə gərginlik heç bir ölkənin xeyrinə deyil və biz bütün ölkələrin, xüsusi ilə Azərbaycanda sabitlik, inkişaf arzulayırıq. Ümid edirik ki, münaqişələr  sülh yönlü həll olunacaq”. Hacıyev isə bildirib ki, Azərbaycan İranla münasibətləri bütün sahələrdə, xüsusi ilə iqtisadi sahədə inkişaf etdirməyə çox önəm verir. (APA)