Bolqarıstan iki Rusiya diplomatını ölkədən qovub –

SƏBƏB
24 Sentyabr 2020 - 10:16

Bolqarıstan iki Rusiya diplomatını casusluqda ittiham edib və onların ölkəni tərk etməsi üçün 72 saat vaxt qoyub.

Dövlət prokurorları sözü gedən iki diplomata qarşı cinayət işini ölkənin Dövlət Milli Təhlükəsizlik Agentliyinin təqdimatı əsasında açıblar. Agentlik iddia edir ki, diplomatlar başqa ölkəyə ötürmək məqsədilə məxfi məlumatları toplayırdılar.

Bolqarıstan Xarici İşlər Nazirliyi bildirir ki, insidentlə bağlı Rusiya səfirliyinə nota verilib və diplomatlar “persona non grata” elan olunub. Rusiya bu hadisə ilə bağlı hələki münasibət bildirməyib.

Onların casus fəaliyyəti ilə 2016-cı ildən indiyədək məşğul olduqları iddia edilir. Bu da iddia edilir ki, onlar Bolqarıstan ordusunun modernizasiya planları və texniki hazırlığına dair məlumatları əldə etməyə çalışırdılar.

Bolqarıstan NATO üzvü olsa da, Rusiya ilə ənənəvi olaraq sıx bağlara malikdir. Prokurorlar bildirirlər ki, diplomatlar həssas informasiyanın əldə edilməsinə Bolqarıstan vətəndaşlarını da cəlb etməyə çalışıblar.

Bolqar rəsmilərin dediyinə görə bu məlumatlar Rusiya hərbi kəşfiyyatına ötürülməli idi. Bu, Moskva ilə Sofiyanın münasibətlərinə bu il kölgə salmış yeganə casus qalmaqalı deyil.

Yanvar ayında daha iki Rusiya diplomatı Bolqarıstanın seçki strukturuna dair məxfi məlumatları əldə etməyə çalışdıqlarına görə persona non grata elan edilmişdilər.

Sofiya ötən dekabrda Rusiyanın hərbi attaşesinə viza verməkdən imtina etmişdi.