Sənayecə inkişaf etmiş ölkələrin G7 qrupu Rusiyada Kreml tənqidçisi Aleksey Navalnının “siyasi motivlə” saxlanmasını və onun azadlığa buraxılmasını tələb edən etirazçılara qarşı “zorakı hücumu” qətiyyətlə pisləyən bəyanat yayıb.
Böyük yeddilərin xarici işlər nazirlərinin yanvarın 26-da açıqlanmış birgə bəyanatında Navalnının “dərhal və qeyd-şərtsiz” azad edilməsi tələb olunur.
Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Birləşmiş Krallıq və Birləşmiş Ştatlardan ibarət G7 qrupunun bəyanatında deyilir ki, Rusiya özünün milli və beynəlxalq öhdəliklərinə görə insan haqlarına hörmət göstərməyə borcludur.
Navalnı yanvarın 17-də Almaniyadan Rusiyaya qayıdarkən Moskva hava limanında saxlanıb.
O Rusiyada hərbi təyinatlı kimyəvi agentlə zəhərləndikdən sonra müalicə üçün təcili qaydada Almaniyaya aparılmışdı.
Hazırda Navalnını fevral ayında keçiriləcək məhkəmə gözləyir.
O şərti cəzanın şərtlərini pozmaqda ittiham edilir. Əgər təqsirli bilinərsə, onun 3 il yarımlıq şərti cəzası həbsxana cəzası ilə əvəzlənə bilər.
Söhbət Navalnı barəsində 2014-cü ildə çıxarılmış məhkəmə hökmündən gedir. (Azadlıq Radiosu)