“Brexit” Britaniyada işçi qıtlığı yaradıb- Yüz minlərlə mütəxəssisə ehtiyac var (RƏQƏMLƏR)

Avropa İttifaqından (Aİ) çıxan və Avropa dövlətləri ilə işçi qüvvəsinin sərbəst hərəkətini ləğv edən Böyük Britaniya rekord işçi çatışmazlığı ilə üzləşib.

Azpost.info xəbər verir ki, bu barədə “Financial Times” yazıb.

Araşdırmalara görə, 2022-ci ilin iyununda Britaniya 330 minə yaxın işçisini itirib ki, bu da ölkənin əmək qabiliyyətli əhalisinin 1 faizinə bərabərdir.

Tədqiqatçılar qeyd edirlər ki, Aİ ölkələri ilə sərbəst hərəkət rejiminin ləğvi logistika, tikinti və mehmanxana biznesi kimi aşağı ixtisaslı əmək sektorlarına xüsusilə güclü təsir göstərib. Məsələn, yüklərin daşınması və saxlanması sahəsində işçi qüvvəsi çatışmazlığı 128 min nəfərə çatıb ki, bu da bu sektorda çalışan işçilərin ümumi sayının 8 faizini təşkil edir.

Biznes nümayəndələri hökuməti lazımi tədbirlər görməyə çağırırlar. Çünki əmək uğrunda rəqabətin artması inflyasiyanı artırır.

“Siyasətçilər Böyük Britaniyanın kənardan hansı mütəxəssislərə ehtiyacı olduğuna dair realist olmalıdırlar. “Brexit” bizə sərhədlərimizə daha yaxşı nəzarət etməyə imkan verdi. Hökumət şirkətlərə lazım olan insanları işə götürməkdə kömək etmək üçün lazımi rıçaqlardan istifadə etməlidir”, – Britaniya Ticarət Palatasının İnsan Resursları üzrə rəhbəri Ceyn Qratton bildirib.

Böyük Britaniya Avropa İttifaqından çıxdıqdan sonra bal əsaslı immiqrasiya sistemini tətbiq etdi. Bu, əməkhaqqı ildə 25,600 funt sterlinqdən və ya saatda 10,1 funt sterlinqdən çox olan ixtisaslı işçilərə iş vizası almağa imkan verir.

Mütəxəssislər bu sistemin kifayət qədər liberal olmadığını və yalnız yüksək ixtisaslı mütəxəssislərin işə götürülməsi üçün uyğun olduğunu vurğulayırlar.

Azpost.info

Əvvəlki məqalə

“3 dəfə müharibə elədik, dərsimizi aldıq”

Sonrakı məqalə

Baş Qərargah rəisi Ermənistanla sərhədə getdi-