“3 dəfə müharibə elədik, dərsimizi aldıq” – Pakistan Hindistanı danışıqlara çağırdı

Pakistan Baş naziri Şahbaz Şərif hindistanlı həmkarı Narendra Modini mübahisəli məsələlər, o cümlədən Kəşmir bölgəsi üzrə danışıqlar aparmağa çağırıb.

Azpost.info xəbər verir ki, bu barədə “Associated Press of Pakistan” məlumat yayıb.

“Hindistan rəhbərliyinə və Baş nazir Narendra Modiyə mesajım budur ki, gəlin, danışıqlar masası arxasına əyləşək və Kəşmir kimi aktual problemlərin həlli üçün ciddi və səmimi söhbət edək”, – Şərif deyib.

Baş nazir bildirib ki, İslamabad Kəşmirin Hindistanın nəzarətində olan hissəsində azlıqların vəziyyətindən, eləcə də 2019-cu ildə regionda aparılan inzibati islahatlardan narahatdır. Onun sözlərinə görə, Pakistan və Hindistan qonşu olaraq qalır və buna görə də hər iki ölkə iqtisadi rifah naminə sülh şəraitində yaşamalıdır.

“Sülh içində yaşayıb irəli getmək və ya bir-birimizlə mübahisə edib vaxt və resurslar itirmək – bunlar özümüzdən asılıdır. Hindistanla üç müharibəmiz oldu və bu, insanlara yalnız əzab, yoxsulluq və işsizlik gətirdi. Biz dərsimizi aldıq və sülh içində yaşamaq istəyirik. Biz yoxsulluğun öhdəsindən gəlmək, firavanlığa nail olmaq, xalqımıza təhsil, səhiyyə və məşğulluq təmin etmək, resursları bombalara və silahlara sərf etməmək istəyirik. Bu mənim Baş nazir Modiyə mesajımdır”, – Şərif qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Bakıya gələn rayon sakinləri qeydiyyata düşməsələr cərimə olunacaqlar –

Sonrakı məqalə

“Brexit” Britaniyada işçi qıtlığı yaradıb