“Britaniya gəmisi Qara dənizdə düzgün hərəkət edib” –

Baş nazir Conson Rusiyaya etiraz etdi
26 İyun 2021 - 07:30

Britaniyanın baş naziri Boris Conson iyunun 25-də bəyan edib ki, onun ölkəsinin hərbi gəmisi Defender Qara dənizdə, ilhaq olunmuş Krımın sahillərində Rusiya ilə qarşıdurmada düzgün hərəkət edib. Çünki London Rusiyanın bu yarımadaya ərazi iddialarını tanımır.

Consonun bu bəyantından bir gün əvvəl Rusiya tərəfi bildirmişdi ki, kral hərbi dəniz donanmasının Defender gəmisinə xəbərdarlıq atəşləri açıb və onu hərəkət kursunu dəyişərək Rusiyanın ərazi sularından çıxmağa məcbur edib.

Conson deyib: “Bu ərazi suları Ukraynaya aiddir və ondan A məntəqəsindən B məntəqəsinə ən qısa məsafədə getmək üçün istifadə olunması tamamilə qanunidir”.

Britaniya baş naziri əlavə edib ki, kral hərbi dəniz donanmasının gəmisi Krım sahillərində “bizim dəyərlərimizi müdafiə edirdi”. Boris Conson bunu da qeyd edib ki, hazırda London və Moskva arasında münasibətlər Soyuq müharibədən bəri ən aşağı səviyyəyə enib.

Britaniyanın Müdafiə Nazirliyi bildirir ki, Defender beynəlxalq qanunla tanınan “dəniz dəhlizi” ilə hərəkət edib. Nazirlik bildirir ki, gəmi heyəti sözü gedən atəşləri Rusiya tərəfinin ona aid olmayan təlimləri kimi başa düşüb. Britaniya tərəfi habelə gəminin hərəkət çığırına bombalar atılmasını da inkar edib.

Rusiya hərbçiləri Defender gəmisinin üstündən uçan Rusiya təyyarələrini əks etdirən videonu dərc ediblər. FTX-nin iyunun 24-də dərc etdiyi videoda Rusiyanın keşikçi gəmisinin xəbərdarlıq atəşi açdığı görünür.

İnsident zamanı gəminin göyərtəsində olan BBC müxbiri deyib ki, Defender Krım yaxınlığındakı sulara bilərəkdən daxil olub. Müxbirin sözlərinə görə, Britaniya Krım ətrafındakı akvotoriyanı Ukrayna ərazisi kimi tanıdığını bir daha nümayiş etdirib.