Britaniya hərbi təlimlərdə iştirak etmək üçün Şərqi Avropaya 8 minə yaxın əsgər, eləcə də onlarla tank və 100-dən çox zirehli döyüş maşını göndərir.
Azpost.info xəbər verir ki, bu barədə “Sky News” kanalı məlumat yayıb. Rusiyanın təcavüzünə qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçiriləcək təlimlərdə NATO ölkələrinin və Danimarka, İslandiya, Norveçin də daxil olduğu Müttəfiqlərin Birgə Ekspedisiya Qüvvələrinin onminlərlə hərbçisi iştirak edəcək. Qoşunlar Finlandiyadan Şimali Makedoniyaya qədər olan ölkələrdə yerləşdiriləcək. Britaniya Müdafiə Nazirliyi bildirib ki, təlimlər qoşunların çiyin-çiyinə işləmək, Rusiyanın Skandinaviya və Baltikyanı ölkələrdəki təcavüzünün qarşısını almaq bacarığını təkmilləşdirəcək. Müdafiə naziri Ben Uolles deyib ki, bu təlimlər həmrəylik və güc nümayişidir: “Avropanın təhlükəsizliyi heç vaxt bu qədər vacib olmamışdı. Britaniya ordusu tərəfdaşları ilə yan-yana dayanacaq. İmkanlarımızı və ümumi dəyərlərimizi bir araya gətirərək sülh və təhlükəsizliyə töhfə verəcəyik”.
Azpost.info