“Bu ərazilərdə ev tikmiş şəxslərə sənəd verilməyəcək, evləri söküləcək” –DEPUTATDAN AÇIQLAMA

“Evləri  elektrik naqillərinin altında olan, qaz və ya neft boru kəmərinin üzərində, yaxınlığında evləri olan insanlara yəqin ki, sənəd verilməyəcək, onlar söküləcək. Amma qalanlarının sənədləri veriləcək. Hal-hazırda bu barədə bizdə müəyyən məlumatlar var. Mənə elə gəlir ki, bu ilin axırına bu məsələ öz həllini tapacaq”.

Azpost.info bildirir ki, bu sözləri redaktor.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov Bakıda vətəndaşların sənədsiz evlərinə sənəd verilməsi ilə bağlı prosesi şərh edərkən bildirib.

“Sənədsiz evlərlə əlaqədar məsələ dəfələrlə qaldırılıb, Milli Məclisdə biz toxunmuşuq, mətbuatda mütəmadi işlənilir. Bununla əlaqədar dövlət başçısının sərəncamı, göstərişi olub. Amma mən maraqlanmışam, bu sahədə kifayət qədər işlər görülüb”– deyə V.Əhmədov bildirib.

Deputat deyib ki, məsələyə məsul olan dövlət orqanları bu iş üzərində dövlət başçısının göstərişinə uyğun olaraq işləyirlər: “Məsələlər öz həllini tapacaq. Amma müəyyən qədər vaxt lazımdır. Çünki sənədləşmə prosesində araşdırırlar ki, hansılara veriləcək, hansılara verilməyəcək”.

Millət vəkilinin sözlərinə görə, hazırda sənədsiz evlərlə bağlı Bakı Şəhər İcra Hakimiyyətində xüsusi komissiya işləyir.

“İndi Dövlət Əmlak Məsələləri Xidmətində də bu işlə məşğuldurlar. Sənədləşdirmədən imtina da ola bilər. Bunlar o evlərdir ki, boruların, qaz kəmərlərinin üstündə, elektrik naqillərinin altında, dəmir yolunun yaxınlığında ola bilər və s. Belə evlər də kifayət qədərdir”, – deyə Vahid Əhmədov bildirib.

Əvvəlki məqalə

Ukraynadakı müharibə Rusiyanın tarix dərsliklərinə salınacaq

Sonrakı məqalə

“Tərtər işi”ndə işgəncə verdiyi üçün axtarışda olan Polad Əzizov kimdir? – FOTO