“Bu il 619 lənkəranlı məzun tələbə adını qazanıb”.
Bu sözləri Azərtac-a açıqlamasında Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyeva söyləyib.
Ü.Əliyeva 2020-2021-ci tədris ilində tam orta təhsil səviyyəsi üzrə 1717 məzunun orta məktəbi bitirdiyini, 1 məzunun tam orta təhsili qızıl medalla, 21 nəfərin isə fərqlənmə attestatı ilə başa vurduğunu, ümumi orta təhsil səviyyəsi üzrə isə 36 nəfər şagirdin məktəbi fərqlənmə attestatı ilə bitirdiyini vurğulayıb.
“619 nəfərdən 26 nəfəri 600-dən, 111 nəfəri isə 500-dən yuxarı bal toplayıb. Rayon üzrə ən yüksək bal toplayan şəhər 5 nömrəli tam orta məktəbin məzunu Əliyev Mirmahmud İsmayıl oğlu olub. O, ali məktəblərə qəbul imtahanı zamanı 676 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub. Şəhər 6 nömrəli məktəb-liseyin məzunu İsmayılzadə Xatun Raid qızı ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuraraq qızıl medala layiq görülüb. O, 658,9 balla Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olub”-deyə o vurğulayıb.
Ü.Əliyeva bildirib ki, 2020-2021-ci tədris ilində Lənkəran şəhər 6 nömrəli məktəb-liseyin XI sinfini 40 məzun bitirib və bu məzunların hamısı ali məktəbə daxil olub.