Bu il ali məktəb və kolleclərə qəbul olanların sayı 5.4 faiz artıb

18 Noyabr 2021 - 10:21

“Ötən illə müqayisədə 2021-ci ildə ali təhsilin bakalavriat səviyyəsi üzrə qəbul olanların sayında 1047 nəfər artım olub”.

Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, ali təhsilin magistratura səviyyəsi üzrə elektron ərizə qəbulunda iştirak etmiş bakalavrların sayı isə ötən illə müqayisədə iki dəfədən artıq, yəni 18748 nəfər çox olub. Bu artım 2021-ci ildə magistraturaya qəbul imtahanının bir mərhələ üzrə iki dəfə keçirilməsi ilə izah edilir. Eyni zamanda 9 illik baza üzrə orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün əvvəlki illərlə müqayisədə daha çox məzun müraciət edib. Bu, onunla izah edilir ki, təhsil haqqında qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, subbakalavrlar öz ixtisaslarına uyğun olaraq ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimində imtahan vermədən birbaşa iştirak etmək hüququ əldə ediblər.