Vətəndaşlar bu il ərzağa 18 milyard manat xərcləyib –

Bir nəfər ayda yeməyə nə qədər pul verir? (STATİSTİKA)
20 Noyabr 2021 - 09:50

Cari ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 34,4 milyard manatlıq  mal satılıb. Bunun 18,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15,8 milyard manatlıq qeyri-ərzaq malları təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3 faiz, qeyri-ərzaq malları üzrə 3,5 faiz artıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 343,8 manat və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 26,3 manat çox olub.

Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 185,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 158,1 manatlıq qeyri-ərzaq malları alıb.

Hesabat dövründə vətəndaşlar pərakəndə ticarət şəbəkəsində pullarının 54 faizini ərzaq məhsullarına, içkilərə və tütün məmulatlarına xərcləyib. 15,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6 faizi avtomobil benzini və dizel yanacağının, 5,4 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.