Böyük Britaniyada yaşayan qadın ərinin təxminən 50 il əvvəl gizlətdiyi qızıl sikkələr kolleksiyasını tapıb. Qiymətli əşyalar ailənin köçməyə hazırlaşdığı vaxt üzə çıxıb.
Bu barədə “Independent” yazıb.
Sikkələr emalatxanada köhnə peçenye qutusunda saxlanılıb. Əvvəlcə yalnız gümüş sikkələr aşkarlanıb. Lakin onların altında 41 Cənubi Afrika krügerandı və 21 Britaniya suvereni olduğu məlum olub.
Qızıl sikkələr alındığı vaxtdakı orijinal qablaşdırmada və alış sənədləri ilə birlikdə saxlanılıb.
Kişi sikkələri 1970-ci illərin ortalarında, Böyük Britaniyada iqtisadi tənəzzül və yüksək inflyasiyanın hökm sürdüyü dövrdə alıb. Həmin vaxt bir krügerandın qiyməti təxminən 80 funt sterlinq olub.
Görünür, kişi bu investisiyası barədə heç kimə danışmayıb.
Sikkələr aşkar edildikdən sonra hərraca çıxarılıb. Krügerandlar təxminən 100 min funt sterlinqə, suverenlər isə daha 13 min funt sterlinqə satılıb.
Beləliklə, təxminən yarım əsr əvvəl gizlədilən qızıl sikkələr ailəyə ümumilikdə 113 min funt sterlinq qazandırıb.