Azərbaycan radiosunda “Bulaq” verilişini dinləmiş hər kəs Məhluqə Sadıqovanı yaxşı xatırlayır. “Bulaq” verilişinin qızıl səsli aparıcısı teatrda da yaddaqalan obrazlar canlandırıb – Pəri, Yaxşı, Gülüş, Turac, Sona… saymaqla bitməyən xarakterik rollar.
Bu gün Xalq artisti, görkəmli aktrisa Məhluqə Sadıqovanın anadan olmasından 104 il ötür.
Məhluqə Sadıqova 1917-ci il aprelin 28-də Şuşa şəhərində anadan olub. Yaradıcılıq fəaliyyətinə 1936-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında başlayan görkəmli aktrisa ömrünün 60 ildən artıq bir dövrünü bu sənət ocağı ilə bağlamışdır. Azərbaycan teatr məktəbinə xas olan yüksək peşəkarlıq, böyük emosional təsir gücü, zamanın ruhunu gözəl əks etdirmək bacarığı onun yaradıcılığında öz parlaq ifadəsini tapıb. Aktrisa Azərbaycanın böyük sənətkarlar nəslinin yaradıcılıq ənənələrinə həmişə sadiq qalıb. Öz oyununda xarakterik ifadə vasitələrinə üstünlük verən Məhluqə Sadıqova “Oqtay Eloğlu”, “Solğun çiçəklər”, “Almaz”, “Sevil”, “Dönüş”, “1905-ci ildə”, “Göy quş”, “Skapenin kələkləri”, “Pəri cadu”, “Vaqif”, “Fərhad və Şirin”, “Xanlar”, “Günahsız müqəssirlər”, “Şeyx Sənan”, “Qış nağılı”, “Vanya dayı”, “Şeytanın şagirdi”, “Nazirin xanımı”, “Lənkəran xanının vəziri”, “Qadın faciəsi”, “Yalan”, “Atayevlər ailəsi”, “Şöhrət və ya unudulan adam” və digər səhnə əsərlərində mükəmməl obrazlar yaradıb.
Doğma səhnədə, əsasən, lirik və xarakterik rolların yaddaqalan ifaçısı kimi tanınan görkəmli sənətkar yaratdığı dolğun və rəngarəng obrazlarla Azərbaycan teatr sənətinin inkişafına mühüm xidmətlər göstərib. Məhluqə Sadıqovanın ifasında təbii və gözəl səhnə təcəssümünü tapdığı üçün tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan bu qadın obrazları böyük aktyor sənətinin qiymətli nümunələri olub, Azərbaycan milli teatr salnaməsinin unudulmaz səhifələrini təşkil edir.
Səhnəmizə Azərbaycan qadınının sadə və təmkinli danışığını, şirin ləhcəsini gətirən Məhluqə Sadıqova XX əsr milli mədəniyyətimiz tarixində məharətli bədii qiraət ustası kimi də yaxşı tanınıb. O, 40 ildən çox Azərbaycan radiosunda “Bulaq” verilişinin əvəzsiz aparıcısı olub, özünün dərin təsir gücünə malik, emosional və bənzərsiz səsi sayəsində tükənməz xəzinə olan xalq yaradıcılığını Azərbaycan dinləyicisinə sevdirməsi ilə yaddaşlarda silinməz iz qoyub.
Ali insani keyfiyyətləri özündə toplayan Məhluqə xanım Azərbaycan qadınının canlı təcəssümü kimi tamaşaçıların həmişə sevimlisi olub, öz sənətkar şəxsiyyəti ilə bir neçə nəslin yüksək milli-mənəvi dəyərlər ruhunda yetişməsində əhəmiyyətli rol oynayıb.
Məhluqə Sadıqovanın milli teatr sənətimizin inkişafı sahəsində hədsiz sədaqətlə göstərdiyi xidmətlər yüksək qiymətləndirilib. O, 1949-cu ildə Əməkdar artist, 1978-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Aktrisa 2003-cü il avqust ayının 15-də Bakıda vəfat edib.