Buraxılış imtahanlarında ən yüksək nəticə əldə edən şagird ADA-da təhsil alacaq

ADA Məktəbinə növbəti tədris ili üçün qəbul edilən ilk şagird Dövlət İmtahan Mərkəzinin ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış imtahanlarında ölkə üzrə ən yüksək nəticə əldə edən Məhəbbət Nəsibova olub. Məhəbbət həm də bir ay əvvəl ADA Universitetində keçirilən Akademik Məqsədlər üçün VI İngilis Dili Olimpiadasında birinci yerə layiq görülüb.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, “Baku Education Information Center”, “BEST COMP group”, “British Summer School”un tərəfdaşlığı ilə təşkil edilən və ingilis dilində qrammatika biliklərinin, o cümlədən yazı, dinləmə və danışıq qabiliyyətlərinin yoxlanıldığı olimpiadada qalib olan Məhəbbət Böyük Britaniyada iki həftəlik “Qlobal Gənc Liderlər” kursunda ödənişsiz iştirak etmək imkanı əldə edib.

ADA Məktəbində təhsil almaq üçün səbirsizlənən Məhəbbət müasir təhsil yoluna ADA Məktəbi ilə birgə addımlayacağı üçün böyük həyəcan duyduğunu ifadə edib.

Qeyd edək ki, 2019-cu ildə qurulan ADA Məktəbi 10-cu və 11-ci sinif şagirdlərinə ingilis dilində təhsil imkanı təklif edir. ADA Məktəbi təqdim etdiyi “IB” Beynəlxalq Diplom Proqramı ilə məzunlarının xarici universitetlərə qəbulunu asanlaşdırır, o cümlədən respublika fənn olimpiadalarının qaliblərinin təhsil haqqına 100%-lik güzəşt təqdim edir. Xatırladaq ki, ADA Məktəbinin məzunları, həmçinin ADA Universitetinə xüsusi şərtlərlə daxil olmaq hüququna malikdirlər.

Əvvəlki məqalə

Laçında yeni film çəkiləcək

Sonrakı məqalə

Erkən nikahlarla bağlı vəziyyət necədir?