Cahangir Hacıyevin məhkəməsi oldu –Vəkillər cəzasının azaldılması üçün müraciət etdilər

Bakı Apelyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, sabiq deputat Dünyamin Xəlilov və digərlərinin, həmçinin mülki iddiaçı Vergilər Nazirliyinin apelyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.

Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Cahangir Hacıyevin vəkilləri bildiriblər ki, onlar müvəkkilinin cəzasının azaldılması ilə bağlı Sabunçu rayon Məhkəməsinə müraciət ediblər və müraciətə yanvarın 14-də baxılacaq. Bu səbəbdən vəkillər məhkəmənin təxirə salınmasını istəyiblər.

Məhkəmə prosesi yanvarın 21-ə təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev əvvəlki cəzası toplanmaqla qəti olaraq 16 il 6 ay, sabiq deputat Dünyamin Xəlilov isə əvvəlki cəzası ilə toplanmaqla qəti olaraq 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən İsmayıl Hidayət-zadəyə isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. Digər təqsirləndirilən şəxslər – Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimov barəsində isə şərti cəza təyin edilib.

C.Hacıyev mənimsəmə və israf etmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma və digər əməlləri törətməkdə təqsirli bilinib. Rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Heydər Əliyevin sabiq müşaviri göz yaşlarını saxlaya bilmədi –

Sonrakı məqalə

Öldürülmüş Nərminin atası: