Türkiyə Suriyanın şimalında terrorçu dövlətin yaranmasının qarşısını aldı- Çavuşoğlu

Türkiyənin səyləri nəticəsində Suriyanın şimalında terrorçu dövlətin yaranmasının qarşısı alındı. Bu məsələdə ABŞ və Rusiya ilə əldə olunmuş razılaşmalar siyasi və tarixi uğur sayılmalıdır. Dünyanın iki ən böyük dövləti Ankaranın Suriyanın şimalında apardığı hərbi əməliyyatların legitimliyini tanıdı. YPG/PKK terrorçuları artıq Türkiyə sərhədindən 30 kilometr uzağa atılıblar.

Azərtac xəbər verir ki, bu fikirləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Anadolu agentliyinin “Redaktor masası” rubrikası üzrə müsahibəsində səsləndirib.

Nazir qeyd edib ki, Ankara kürdlərin kompakt yaşadığı ərazilərdə bu millətin nümayəndələrinin yerli özünüidarəetmə orqanlarına seçilməsinə etiraz etməyəcək. O deyib: “Təhlükəsizlik zonasında idarəetmə yerli xalqlar tərəfindən həyata keçiriləcək. Ərəblərin çoxluq təşkil etdiyi rayonlarda bu xalqın nümayəndələri, kürdlərin kompakt yaşadığı yerlərdə isə kürd qardaşlarımız rəhbər vəzifələrə seçiləcək. Bizim bu məsələyə heç bir etirazımız yoxdur. Əsas olan odur ki, bütün terrorçular bölgəni tərk etsin”.

M.Çavuşoğlu əlavə edib ki, Türkiyə Silahlı Qüvvələrinin nəzarəti altında olan bölgələrə suriyalı qaçqınların köçürülməsi və orada demoqrafik prosesin tənzimlənməsi başa çatdırılacaq. Onun sözlərinə görə, bölgənin əhalisinin 80 faizi ərəblərdir, onların arasında xristianlar da var. Türkiyəli nazir vurğulayıb ki, bu proseslərin uğurla həyata keçirilməsi Suriyanın gələcəyi üçün faydalı olacaq.

Türkiyəli nazir onu da qeyd edib ki, hazırda Ankara ilə Dəməşq arasında birbaşa təmas yoxdur və indiki Suriya hökuməti iki ölkə arasında 1998-ci ildə imzalanmış Adana Sazişinin şərtlərini yerinə yetirmək gücündə deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“BMT qətnamələri şəxsi siyasi ambisiyalar üçün qurban verilir”

Sonrakı məqalə

“Yaşlı nəslin nümayəndələri vəzifədən getməlidir”