Çexiya Rusiyadan 2014-cü il partlayışına görə təzminat tələb edir –

Kremlin maraqlı cavabı
29 İyun 2021 - 08:28

Çex Respublikası 2014-cü ildə ölkənin silah anbarlarından birində baş vermiş partlayışa görə Rusiyadan təzminat tələb edir.

Təzminatın məbləği 25 milyon avro olaraq müəyyənləşdirilib. Çexiya hökuməti bildirir ki, bu pulun yarısı Zlinsk rayonunun büdcəsinə daxil olacaq, habelə partlayış zamanı həlak olanların ailələrinə və əmlakına ziyan dəyənlərə ödənəcək.

Praqa bu partlayışın Rusiyanın kəşfiyyat agentləri tərəfindən törədildiyini iddia edir.

Çexiya ilk dəfə bu ilin aprel ayında Moskvanı bu partlayışa görə ittiham etdikdən sonra iki ölkə arasında diplomatik qarşıdurma yaranmışdı. Çexiya çox sayda Rusiya diplomatının ölkədən xaric edilməsinə dair qərar qəbul etmişdi.

Moskva isə ittihamları rədd etmiş və qarşılıqlı addım kimi Rusiyadakı Çexiya diplomatlarını “persona non grata” elan etmişdi.

2014-cü ildə iki nəfərin ölümünə səbəb olmuş bu partlayışın səbəbi bu ilin aprelinədək müəmma olaraq qalırdı.

Çexiya Xarici İşlər Nazirliyi bildirib ki, Rusiyanın bu ölkədəki səfiri Aleksandr Zmeyevski iyunun 28-də nazirliyə dəvət olunub və tam kompensasiya barədə tələbnamə ona təqdim edilib.

Xarici işlər nazirinin müavini Martin Smolekin Zmeyevskiyə təqdim etdiyi notada Rusiya 2014-cü ildə Vrbetitsedəki silah anbarını partlatmaqla beynəlxalq qanunu pozmaqda ittiham edilir.

Mosklva Praqanın bu tələbinə tez bir zamanda reaksiya verib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyunun 28-da özünün Telegram kanalında yazıb: “Heç bir araşdırma aparmadan hədələyərək və təhqir edərək ödəniş tələb edənlərə reketçi deyirlər”.