Çexiyada məktəblər və universitetlər bağlanır

- "COVID-19"la əlaqədar
10 Mart 2020 - 15:00

“COVID-19″la əlaqədar Çexiyada bütün məktəblər və universitetlər bağlanır.

APA-nın Çexiya mətbuatına istinadən verdiyi xəbərə görə, ölkənin Milli Təhlükəsizlik Şurası yeni koronavirusun yayılmasının qarşısını almaq üçün martın 11-dən etibarən ölkədəki bütün məktəb və universitetlərin qeyri-müəyyən müddətə bağlanması barədə qərar qəbul edib.

100-dən çox insanın iştirak edəcəyi kütləvi tədbirlərin qadağan olunması ilə əlaqədar qərarın qəbul olunacağı gözlənilir. Baş nazir Andrej Babis idman oyunlarının boş stadionlarda keçirilməsini təklif edib.

Səhiyyə naziri Adam Voyteç əlavə təcili tədbirlərin elan ediləcəyini bildirib və qeyd edib ki, epidemiyanın başlanğıcında aktiv, müstəsna tədbirlər görmək lazımdır.

Səhiyyə naziri deyib ki, uşaq bağçaları və məktəbəqədər müəssisələr fəaliyyətini davam etdirəcək, çünki uşaqların yeni koronavirusa yoluxma ehtimalı azdır.

Qeyd edək ki, bu günə qədər Çexiyada 40 nəfərin “COVİD-19″a yoluxduğu təsdiqlənib.