Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb

16 Fevral 2021 - 23:14

16 fevral 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə video-konfrans formatında görüşü keçirilib.

XİN-in Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüşdə tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün etimadın bərpa olunması və əminamanlıq şəraitində birgəyaşayışın həyata keçirilməsinin vacibliyi vurğulanıb.