“Biz direktorların işinə xitam verərkən onların gördükləri işləri də nəzərə alırıq. 65 yaşına çatmış elə direktorlar olur ki, nazirlik olaraq biz onlardan işlərini davam etdirmələrini xahiş edirik”.
Bu sözləri Təhsil naziri Ceyhun Bayramov Sosial Tədqiqatlar Mərkəzinin “Yeni imtahan modeli:islahatlar, nəticələr və gözləntilər” mövzusunda keçirilən hesabat tədbirində deyib. O, direktorların əmək müqavilələrinə xitam verilməsi ilə bağlı nazirliyin yanaşmasını qeyd edib.
“ Hazırda yaş həddinə çatan müəllimlərin, xüsusilə, 65 yaşlı direktorların müqaviləsinə xitam verilməsi ilə bağlı fikirlər səsləndirilir. Təhsil Nazirliyinin bu istiqamətdə yanaşmasını da qeyd etmək istəyirəm. Yaş həddinə çatmış hər bir direktora eyni yanaşılmır, onların fəaliyyətləri, məktəbin qazandığı nailiyyətlər də nəzərə alınır. Hər bir xitam qərarının verilməsininin əsasında analizlər, təhlillər dayanır. Onu da qeyd edim ki, 2019-cu ildə müxtəlif səbəblərdən 18 məktəb direktorunun əmək müqaviləsinə xitam verilib”.
Qeyd edək ki, konfransda STM İdarə Heyətinin sədri, deputat Zahid Oruc, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova, təhsil naziri Ceyhun Bayramov, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və başqaları iştirak ediblər. (APA)