Çinin 5G telefonlarının istehsalı aylıq rekord səviyyəyə çatıb

16 Fevral 2021 - 02:39

Çində 5G smartfonlarının istehsalı yanvar ayında 27 milyon 278 min ədəd təşkil edib.

Çinin İnformasiya və Kommunikasiya Texnologiyaları Akademiyasına istinadla xəbər verir ki, bu, Çində aylıq rekord göstəricidir. Keçən ay 5G smartfonlarının istehsalı ümumi mobil telefon istehsalının 68 faizini təşkil edib. Akademiyanın hesabatına əsasən, ötən ay Çində 23 növ 5G smartfonu istehsal olunub.

Bildirilir ki, ötən ay ölkədə mobil telefon istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 2 dəfə artaraq 40 milyon ədədi ötüb. Yerli brendlər isə ümumi istehsalın 84 faizini təşkil edib.

Qeyd edək ki, Çin hazırda 5G şəbəkəsinə qoşulmaların sayına görə dünyada liderlik edir. 2019-cu ilin noyabrından etibarən Çinin 3 mobil rabitə operatoru – “China Mobile”, “China Telecom” və “China Unicom” abunəçilərə 5G şəbəkə xidmətləri göstərməyə başlayıb. Çinin mobil rabitə operatorları bu il də daxil olmaqla 5 il ərzində 5G şəbəkəsinə 220 milyard ABŞ dolları sərmayə yatıracaq. Cari il ərzində Çində 600 min 5G baza stansiyasının quraşdırılması planlaşdırılıb.