Çirkab suları Xəzərə axır –

Hansı çimərliklərə getmək olar? (ADLAR)
07 İyun 2021 - 21:12

Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyunun 1-də çirklənmiş çimərliklərin adlarını açıqlayıb.

Qurum Qaradağ rayonunda Sahil, Səbail rayonunda Şıx, Suraxanı rayonunda Hövsan, Xəzər rayonunda isə Türkan çimərliyində insanların çimməsini tövsiyə etmir.

“Burada həddən artıq bakterioloji çirklənmə var, bu da müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər”, – nazirlikdən bildirilir.

Bununla belə, Novxanı, Sabunçu, Nardaran və Zağulba ərazisindəki çimərliklərin istifadəyə yararlı olduğu, digər ərazilərdə isə monitorinqlərin davam etdiyi qeyd olunur.

Hər il monitorinq nəticəsində müəyyənləşdirilmiş yararlı və yararsız çimərliklərin siyahıları dərc olunur. İldən-ilə yararsız çimərliklər çoxalır. Bəs problem niyə həll olunmur?

“15 gündən bir…”

“Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiqlənməsi haqqında Prezidentin sərəncamına əsasən, çimərlik ərazilərinə axıdılan təmizlənməmiş təsərrüfat-məişət tullantı sularının hermetik qapalı sistemə keçirilməsi, axıntıların birbaşa yox, mövcud kanalizasiya şəbəkəsinə birləşdirilməsi, kanalizasiya şəbəkəsi olmayan sahilboyu ərazilərdə tullantı sularının təmizlənməsi üçün stasionar təmizləyici qurğular şəbəkəsinin yaradılması və mütəmadi araşdırmaların təşkili təmin edilməlidir. Bundan əlavə, ərazilərdən çimərliklərə birbaşa çıxışı olan bütün drenaj, yağış və digər axıntı sularının zərərsizləşdirilməsi təmin edilməlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Turan”a bildirilib ki, mayın 17-dən etibarən qurum Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi ilə birlikdə Xəzər dənizinin çimərlik ərazilərində monitorinqlərə başlayıb. 15 gündən bir keçirilən monitorinqlərin məqsədi çimərliklər ərazisində dəniz suyunun keyfiyyətinin müəyyən olunmasıdır.

Qurumdan deyilir ki, çirklilik səviyyəsi laborator tədqiqatlar nəticəsində müəyyənləşdirilir: “Hər il çimərliklərdən su və qum nümunələri götürülür, həm fiziki-kimyəvi, həm də mikrobioloji təhlillər aparılır. Alınmış nəticələrə uyğun olaraq biz çirklənmə səviyyəsini müəyyən edirik”.

“Fərdi evlərin kanalizasiyası… Xəzərə axıdılır”

Nazirlikdən Buzovna, Hövsan, Şıx çimərliklərində kanalizasiya sularının birbaşa Xəzərə axıdılması ilə bağlı faktlar aşkarlandığı da bildirilir: “Aidiyyəti qurumlar qarşısında bununla bağlı məsələlər qaldırılıb. Bunu təkcə nazirliyin üzərinə yıxmaq olmaz. Bəzi ərazilərdə, məsələn, Buzovna ərazisində mərkəzləşdirilmiş kanalizasiya sisteminin olmaması səbəbindən fərdi evlərin kanalizasiyası drenaj kanalına qoşularaq Xəzər dənizinə axıdılır və dənizin çirklənməsi baş verir”.

ETSN-dən bildirilir ki, çirkab suların idarə olunmasına cavabdeh qurum kimi məsuliyyət “Azərsu” ASC-nin üstünə düşür. Nazirlik dəfələrlə bu hallarla bağlı cavabdeh qurumlar qarşısında tələb qoyduğunu da vurğulayır: “Sözsüz ki, bu, maliyyə tələb edən məsələdir. Amma çalışıb bunu zamanla aradan qaldırmaq lazımdır”.

“Azərsu” ASC-dən isə qeyd olunan istiqamətdə işlərin davam etdirildiyi deyilir: “Çimərlik ərazilərində kollektorların tikintisi işləri mərhələli şəkildə aparılır”.