ABŞ Konqresinin üzvləri polislə bağlı islahat təkliflərini nəzərdən keçirir. Yerli və ştat rəsmiləri isə polis idarələrinin maliyyələşdirilməsi və gücdən istifadəsi ilə bağlı qaydaların dəyişdirmək üçün addımlar atacaqlarını açıqlayıblar.
Polis zabitinin doqquz dəqiqəyə yaxın dizini boynunda tutması nəticəsində həyatını itirən Corc Floydun qardaşı Filonis Floyd çərşənbə günü Nümayəndələr Palatasının Ədliyyə Komitəsində ifadə verəcək. Floydun ölümü ölkə boyu etirazlara və islahat çağırışlarına səbəb olub.
Dinləmədə iştirak edəcək digər şahidlər arasında Hyuston Polis idarəsinin sədri Art Asevedo, Ədliyyə Departamentinin Vətəndaş Haqları Diviziyasının keçmiş başçısı və Vətəndaş və İnsan Haqları üzrə Liderlik Konfransının hazırkı prezidenti Vanita Qupta var.
Qupra Twitter hesabında yazıb ki, o, “hesabatlılığı artıran, ictimai təhlükəsizliyə yenidən nəzər salan və bütün insanların ləyaqətinə hörmət edən, müsbətə doğru dəyişən polis siyasətinə ehtiyacla bağlı” ifadə verəcəyini bildirib.
Nümayəndələr Palatasının demokratları irqi profilləşdirmə və boğmaq üsulunun qadağan edilməsinin və polis zabitlərini mülki məhkəmələrə verilməsi və qanunu pozan polis zabitlərinin nalayiq hərəkətləri ilə bağlı məlumat bazasının yaradılmasının daxil olduğu islahatlar paketi təklif edir. Bu təkliflər üzərində bu ay səsvermə planlaşdırılır.
Senatdakı respublikaçı liderlər senator Tim Skota başqa təkliflər paketi irəli sürmək tapşırığı verib. Ağ Evin aparat rəhbəri Mark Medovs çərşənbə axşamı müxbirlərə deyib ki, o, “bunun tezliklə hazır olacağına” ümid edir.
Senatın Ədliyyə Komitəsinə rəhbərlik edən senator Lindsi Qraham gələn həftəyə polisin gücdən istifadəsi ilə bağlı dinləmə təyin edib.
Konqresin hər iki palatasına ayrı partiya nəzarət etdiyi üçün tərəflərin irəli sürdükləri təkliflərlə bağlı razılıq əldə edəcəkləri ethimalı çox azdır. Lakin hər iki tərəfin razılaşdığı yeganə məsələ nalayiq hərəkətlərlə bağlı məlumat bazasının yaradılmasıdır.
Nyu-York ştatının qanunvericiləri də çərşənbə axşamı polis zabitlərinin qanun və nizam qaydalarını pozmaları ilə bağlı şikayətlərin gizli saxlanmasına dair qanunu ləğv etmək üzərində səsvermə keçirib. Qubernator Endrü Kuomo qanunu imzalayacağını söyləyib. (Amerikanın Səsi)