Türkiyə şirkətinə məxsus “MV Mozart” gəmisinə hücum zamanı öldürülən azərbaycanlı mühəndis Fərman İsmayılov yanvarın 27-də dəfn olunub.
Azpost.info Azərtac-a istinadən bildirir ki, həmyerlimizin nəşi Türkiyənin Qabondakı səfirliyinin vasitəçiliyi ilə paytaxt Librevilə, daha sonra Türkiyə Hava Yollarının ilk uçuş reysi ilə Azərbaycana gətirilib.
Mərhumun meyiti məhkəmə-tibbi ekspertizasından keçirilib. Fərman İsmayılov doğulduğu Siyəzən rayonunun Qozağacı kəndinin qəbiristanlığında torpağa tapşırılıb.
Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus, Liberiya bayrağı altında üzən “MV Mozart” gəmisinə hücum ediblər. Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb. Hücum zamanı azərbaycanlı mühəndis Fərman İsmayılov həlak olub.