Türkiyəyə məxsus gəmiyə dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Fərman İsmayılovun nəşinin olduğu gəmi Qabonun Port Jentil limanında lövbər salıb.
Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva açıqlamasında bildirib ki, Türkiyə tərəfi ilə qarşılıqlı əlaqələndirmə əsasında nəşin vətənə gətirilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək.
Türkiyənin Qabondakı Səfirliyinin vasitəçiliyi ilə cəsəd paytaxt şəhər Librevilə göndəriləcək: “Daha sonra nəşin Türkiyə Hava Yollarının ilk uçuş reysi ilə, yəni 26 yanvar tarixində Türkiyə üzərindən Azərbaycana yola salınması planlaşdırılır”.
Xatırladaq ki, yanvarın 23-də Türkiyə şirkətinə məxsus “Mozart” adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib.
Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılovdur.