Dənizdə hamilə arvadını boğaraq öldürən şəxsin məhkəməsi başlayır

23 Noyabr 2020 - 09:54

Sumqayıtda arvadını dənizdə boğaraq qətlə yetirməkdə təqsirləndirilən Anar Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.

Qeyd edək ki, Sumqayıt Şəhər Prokurorluğuna bu il avqustun 7-də gecə saat 23 radələrində Sumqayıt şəhər sakini, 1987-ci il təvəllüdlü Şəhanə Əhmədovanın dənizdə boğularaq ölməsi ilə bağlı məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Araşdırmalarla 1986-cı il təvəllüdlü Anar Əhmədovun Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən istirahət mərkəzindən dənizə birlikdə daxil olduğu hamilə arvadı Şəhanə Əhmədovanı aralarında yaranmış mübahisə nəticəsində boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Anar Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. (APA)