Dağlıq Qarabağın azərbaycanlı icması “Bişkek sazişi” ilə bağlı bəyanat yaydı:"Bu addımların heç bir hüquqi əsası yoxdur"

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının Ermənistan və Azərbaycan arasında atəşkəsin əldə olunmasının ildönümü ilə bağlı bəyanat yayıb.

İcmanın yaydığı bəyanatda deyilir:

“12 may tarixində Ermənistan və Azərbaycan arasında 1994-cü ildə atəşkəsin əldə olunmasının 26-cı ili tamam oldu. Bu ildönümündə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması beynəlxalq ictimaiyyətə səslənərək hələ də insan hüquqlarının və əsas azadlıqlarının bərpasını gözləyən yüz minlərlə azərbaycanlı məcburi köçkünün acınacaqlı vəziyyətinə diqqət çəkir. Ermənistanın Azərbaycana hərbi təcavüzü Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan ərazilərinin təxminən beşdə birini təşkil edən Dağlıq Qarabağ bölgəsi və ətrafındakı yeddi rayonun işğalı ilə nəticələnmişdir.

Ermənistan Respublikasının işğalçılıq siyasəti hər 10 Azərbaycan vətəndaşından 1-ni məcburi köçkün və ya qaçqın həyatı yaşamağa məcbur etmişdir. Yüz minlərlə azərbaycanlı, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması evlərindən və mülklərindən didərgin salınmış və onların təməl insan hüquqları illərdir ki, bərpa edilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” 2015- ci il məhkəmə işinin hökmü ilə bir daha təsdiq edilmişdir ki, Ermənistan Respublikası Azərbaycanın işğal olunmuş ərazilərindəki insan hüquqlarının pozulmasına görə birbaşa məsuliyyət daşıyır.

Beynəlxalq ictimaiyyət ardıcıl olaraq Azərbaycana qarşı hərbi təcavüzü və Azərbaycan ərazilərinin işğalını  qınamışdır. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycana qarşı güc tətbiq edilməsini və ərazilərinin işğalını pisləyən və Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təsdiqləyən 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etmiş və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını təsdiqləmişdir. Həmin qətnamələrdə Təhlükəsizlik Şurası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi olması bir daha təsdiqlənmiş və işğalçı qüvvələrin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir.

Atəşkəs hərbi əməliyyatlara son qoymağı və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılması ilə münaqişənin siyasi həllinə nail olmağı nəzərdə tutsa da, hələ də münaqişə həll olunmamış qalmaqda davam edir. Münaqişənin həllinə mane olan ən əsas amil Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən qanunsuz işğalı faktı hələ də aradan qaldırılmamışdır. ATƏT tərəfindən də təsdiq edildiyi kimi, atəşkəs aktiv hərbi əməliyyatları azaltsa da münaqişənin həllində irəliləyiş olmamışdır. Ermənistanın siyasi iradəsinin olmaması prosesin irəliləməsinə mane olmaqda davam edir.

Bundan əlavə, sülh prosesinə açıq şəkildə maneçilik törədən digər bir amil – Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin müntəzəm olaraq pozulmasının  davam etməsidir. Azərbaycan silahlı qüvvələrinin təmas xəttində və Ermənistanla sərhəddə yerləşən mövqeləri, Azərbaycanın yaşayış məntəqələri müntəzəm olaraq Ermənistan tərəfindən atəş altında saxlanılmaqda davam edir. 

Atəşkəs müddətində Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın apardığı siyasət və atdığı addımlar, o cümlədən bu ərazilərin fiziki, demoqrafik və mədəni irs nümunələrinin dəyişdirilməsinə edilən cəhdlər Ermənistandan və başqa yerlərdən əhalinin qanunsuz köçürülməsi, bir daha Ermənistanın atəşkəs rejiminə əməl etməkdə maraqlı olmadığına, bu ərazilərdə möhkəmlənmək və işğal olunmuş ərazilərin ilhaqını təmin etmək niyyətinə dəlalət edir.

Bütün qeyd edilənlərin fonunda, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə qurduğu qanunsuz rejimin adından müxtəlif sənədlərin tirajlanması davam edir, amma bu addımların heç bir hüquqi əsası yoxdur və tamamilə əsassızdır. Bunlar Ermənistan tərəfindən Azərbaycan ərazilərinin qanunsuz işğalının, azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş vəhşiliklərin məsuliyyətdən yayınmaq cəhdlərindən başqa bir şey deyil.

Ermənistan başa düşməlidir ki, Azərbaycan Respublikasının Konstitusiyasına və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan heç bir sülhə nail olmaq mümkün olmayacaqdır. Azərbaycan ərazilərinin hərbi işğalı faktı Ermənistana istədiyi siyasi nəticəni əldə etməyə şərait  yaratmayacaq. Münaqişənin həlli üçün hüquqi əsas BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində təsbit edilmişdir. Sülhə, təhlükəsizliyə və sabitliyə nail olmaq Ermənistan silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz Azərbaycanın bütün işğal edilmiş ərazilərindən çıxarılması, məcburi köçkün düşmüş bütün azərbaycanlıların öz evlərinə və mülklərinə qayıtmaq hüququnun təmin edilməsi, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün tam bərpa ediləcəyi təqdirdə mümkün olacaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Atabank” və “Amrahbank”dakı əmanətlər üzrə kompensasiyalar necə veriləcək? –

Sonrakı məqalə

Emin Ağalarov Alyona Qavrilovadan boşanmasının səbəbini açıqladı