Daha bir rayon deputatını itirmək üzrədir –Milli Məclisin 6-cı kreslosu boş qalacaq?

Xaçmazın deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb. Toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb. 

Deputatla bağlı qərar qəbul ediləcək. Onun mandatdan məhrum ediləcəyi gözlənilir.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Milli Məclisin sədri Milli Məclisin 42 deputatının tələbi əsasında Milli Məclisin növbədənkənar sessiyasını çağırır.

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasının avqustun 3-də keçirilməsi planlaşdırılır.

E.Səlimov deputat mandatından mərhum edilsə bu Milli Məclisdə daha bir boş deputat yerinin artması demək olacaq.

Qeyd edək ki, 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərindən sonra Mərkəzi Seçki Komissiyası (MSK) 4 dairənin nəticələrini ləğv edib.

MSK-nın  qərarına əsasən  Çingiz Qənizadənin lider namizəd olduğu 80 saylı İmişli-Beyləqan seçki dairəsində, Hadı Rəcəblinin lider namizəd olduğu 74 saylı Lənkəran kənd seçki dairəsində, Rauf Arifoğlunun lider namizəd olduğu 35 saylı Xətai üçüncü seçki dairəsində, Hüseynbala Mirələmovun lider namizəd olduğu 33 saylı Xətai birinci seçki dairəsində nəticələr ləğv olunub.

Ötən il avqustun 4-də Fəttah Heydərovun vəfat etməsilə parlamentdə boş qalan deputat yerlərinin sayı 5-ə çatıb.

Hələlik boş qalan deputat yerləri üzrə yeni seçkilər təyin olunmayıb. Mövcud qanunvericilik parlament seçkilərinin təyin olunması səlahiyyətini prezidentə, keçirilməsi vəzifəsini isə MSK-a verib. Sözügedən səlahiyyət və vəzifə, müvafiq olaraq, Konstitusiyanın 109-cu və Seçki Məcəlləsinin 25-ci maddələri ilə müəyyənləşdirilib. Seçki Məcəlləsinin 176-cı maddəsinə əsasən, deputat mandatından məhrum edildiyi halda Milli Məclisə əlavə seçkilər təyin olunur.

Seçki Məcəlləsinin 176.4-cü maddəsinə əsasən, deputat mandatının boş qalmasından sonra 1 ay müddətində müvafiq seçki dairəsi üzrə yeni seçkilər təyin edilməlidir.

Ekspertlərin fikrincə COVID-19 pandemiyası zamanı bir sıra məhdudiyyətlər tətbiq olunduğundan bu dairələr üzrə seçki keçirilməsi mümkün olmayıb.

Daha sonra Vətən müharibəsi başlanıb. Konstitusiyaya görə, fövqəladə vəziyyət, yaxud müharibə vəziyyətində seçkilərin keçirilməsi qadağan edilir. Seçki Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, yalnız ölkə ərazisinin 25 faizindən çoxunda hərbi və ya fövqəladə vəziyyət elan edildikdə, hərbi və ya fövqəladə vəziyyət zamanı, həmçinin hərbi və ya fövqəladə vəziyyətin ləğv edilməsindən sonra 3 ay müddətində seçkilər və ya referendum keçirilə bilməz.

Ölkədə hərbi vəziyyət  2020-ci il 28 sentyabr saat 00:00-dan 12 dekabr 2020-ci il saat 00:00-a qədər davam edb. Milli Məclisin boş qalan deputat yerlərinə seçkilər yalnız hərbi vəziyyət ləğv ediləndən 3 ay sonra – yəni martın 12-dən sonra keçirilə bilərdi. Amma  pandemiya şəraiti seçkilərin keçirilməsinə imkan vermir.

Eldəniz Səlimovun mandatı ləğv edilsə bu boş qalmış altıncı seçki dairəsi olacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclisin növbədənkənar iclası üçün imzalar toplandı

Sonrakı məqalə

Flora Kərimova “Şərəf” ordeni ilə təltif edildi –