Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Aleksandr Zas Dağlıq Qarabağda vəziyyətin gərginləşməsinə münasibət bildirib.
Mətbuat katibi Vladimir Zaynetdinovun KTMT baş katibi Aleksandr Zas adından yaydığı açıqlamada təşkilatın Dağlıq Qarabağda vəziyyətin eskalasiyası ilə bağlı ciddi narahatlıq keçirdiyi ifadə olunub.
“Mövcud vəziyyət 1994-cü ildə atəşkəs haqqında sazişin və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması çərçivəsində güc tətbiq edilməməsi ilə bağlı qarşılıqlı öhdəliklərin icrasına yardım etmir. Dərhal atəşkəs rejimini bərpa etmək və ATƏT-in Minsk qrupunun apardığı danışıqlar prosesinə qayıtmaq lazımdır. Dağlıq Qarabağda münaqişənin həlli yalnız siyasi-diplomatik metodlarla mümkündür.
Kollektiv Təhlükəsizlik Şurası, KTMT-nin Xarici İşlər nazirləri Şurası öz bəyanatlarında dəfələrlə tərəfləri münaqişə vəziyyətlərini istisnasız olaraq sülh yolu ilə nizamlamağa nail olmağa, gərginliyi artırmağın qarşısını almaq məqsədi ilə təxribatçı fəaliyyətlərdən çəkinməyə çağırıb”, – deyə KTMT baş katibi vurğulayıb.