Dar ağacından qurtulmuş “Disko rəqqası” –

Mitxun Çakrobortinin 70 yaşı tamam olur (FOTOLAR)
16 İyun 2020 - 13:28

Məşhur hind kino aktyoru Mitxun Çakrobortinin bu gün doğum günüdür. Yetmiş yaşı tamam olur.

Onun çəkildiyi “Disko rəqqası” filmi keçmiş SSRİ-də, o cümlədən Azərbyacanda fantastik şöhrət qazanmışdı. Film sovet prokatına  60 milyon manat gəlir gətirmişdi. Mitxun o zamanın gənclərinin əsl məhəbbət kumiri idi.

1984-cü ildə Daşkənd Beynəlxalq Kinofestivalı çərçivəsində SSRİ-yə gələn M.Çakroborti 3 gün oteldən kənara çıxa bilməmişdi. Bütün Orta Asiya ölkələrindən Daşkəndə gələn gənc fanatlar mehmanxana ətrafında toplaşaraq isterikcəsinə qışqırır “Cimi, Cimi” deyə onu çağırırdılar. Kütləni yalnız milis gücünə dağıtmq mümkün olmuşdu…

Mitxun Çakroborti 16 iyun 1950-ci ildə Hindistanın Kəlküttə şəhərində anadan olub. 60-cı illərin sonunda o, sol radikal kəndli hərəkatı olan naksalitlər hərəkatına qoşulur.  Naksalitlər hakim dairələrdə olan korrupsiya və sosial ədalətsizliklərə qarşı etiraz edirdilər. Naksalitlərin qiyamı hakimiyyət tərəfindən amansızcasına yatırılır. Mitxunun bir çox dostları edam edilir və həbsxanaya göndərilir. Atası oğlunu məhkəmə təqibindən qurtarmaq üçün Bobmeyə, dayısının yanına göndərir.

Bombeydə ətriyyat malları satan Mitxun bir dəfə aktyorluq fakültəsinə qəbulla bağlı elana rast gəlir. Çoxdan arzusunda olduğu bu niyyətini gerçəkləşdirmək üçün o, sənədlərini ali məktəbə gətirir. Onu aşağı sosial təbəqən olduğu üçün əvvəl qəbul etmək istəmirlər. Amma boy-buxununa baxıb razı olurlar. Mitxun Çakroborti Kino İnstitutunu qızıl medalla başa vurur.

Mitxun Hindistanın alternativ kino cəryanın yetirməsidir. Bu filmlərdə nə mahnı var, nə dava-dalaş. Bu filmlərdə cəmiyyəti narahat edən ictimai-sosial probelmlər əksini tapır.

İlk dəfə olaraq 1976-cı ildə “Kral ovu” filmi ilə böyük ekrana gələn Mitxun burada sadə bir ovçunun faciəvi həyat dramını yaradır. Film böyük uğur qaznır.  Milli kinofestivalda Çakroborti ölkənin ən yaxşı kino aktyoru adına layiq görülür.

Hindistanda “alternativ kino” sahəsində bir neçə filmə çəkilən Mitxun gözlənilməz çevriliş edərək kommersiya filmlərinə gəlir. 1982-ci ildə onun baş rolu oynadığı “Disko rəqqası” filmi ağlagəlməz uğur qazanır. Onun yaratdığı “Cimi” obrazı həddindən çox sevilir. Mitxun ölkənin beş ən tələb olunan aktyoruna çevrilir.

1977-ci ildə Mitxun SSRİ-yə gələndə onu heç kim tanımırdı. Cəmi 5 ildən sonra -1983-cü ildə ildə isə SSRİ-də onun qaldığı otelin qarşısına yığışan minlərlə adamı milis dağıda bilmirdi…

80-ci illərin sonuna qədər Mitxun Çakroborti 300-dən artıq filmə çəkilmişdi. 90-cı illərdə Mitxun Çakrobortinin populyarlığı zəifləyir. Bu illərdə o daha çox mənfi rolları oynamağa başlayır. 2005-ci ildə çəkilmiş “Elan” filmində oynadığı beynəlxalq terrorçu rolunu oynayan Mitxun bir dəfə belə rollara görə tamaşaçılrdan  üzr də istəyib.

Mitxun Çakroborti hind aktrisası Yoqita Bali ilə evlidir. Onların 3 oğlu, 1 qızları var. Bir oğlu, Mimoh ailənin  kino karyerasını davam etdirir.

Son illər Mitxun Çakroborti daha çox biznes sahəsinə diqqət yetirir. Uta şəhərində onun mehmanxana şəbəkəsi var.