Həkimlər depressiya ilə digər emosional dəyişikliklər arasındakı fərqə aydınlıq gətiriblər.
Azpost.info xəbər verir ki, onların fikrincə, ilk növbədə simptomlara diqqət yetirmək vacibdir.
Depressiya simptomların müddəti və intensivliyi ilə fərqlənir. İnsanı acizlik, gərəksizlik hissi bürüyür, həmçinin ümidsizlik, bədbinlik və intihar düşüncələri yarana bilir. Çarəsizlik hissinə qapılan insan düşdüyü vəziyyətdən heç cür çıxa bilməyəcəyini düşünür.
“Mənfi emosiyalar və davranış dəyişiklikləri uzun müddət (adətən iki həftədən çox) davam edərsə və insanın həyat keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir edərsə, bu, depressiyadan xəbər verə bilər və mütəxəssis müdaxiləsini tələb edir”, – həkimlər deyir.
Dərin kədər hissi, gündəlik fəaliyyətlərə maraq olmaması, enerji itkisi, iştahsızlıq və yuxu itkisi də ola bilər.
Emosional sarsıntı keçicidir və müəyyən bir vəziyyət və ya şəxslə əlaqəli ola bilər. Buna yorğunluq, stress, həddindən artıq iş, müvəqqəti narahatlıqlar və ya uğursuzluqlar səbəb ola bilir.
Azpost.info