Deputat:“Maliyyə nəzarəti aparılan bütün qurumlarda nöqsanlar aşkarlanıb”

“Elə bir maliyyə nəzarəti aparılan qurum yoxdur ki, orada nöqsanlar aşkarlanmasın”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Hesablama Palatasının illik hesabatı haqqında” məsələnin müzakirəsi zamanı deputat Sadiq Qurbanov deyib.

“Müəyyən vəsait dövlət büdcəsinə bərpa olunsa da, nəticələr ürəkaçan deyil. Cavabdeh vəzifəli şəxs məsuliyyətə cəlb olunmalıdır. Vəsaitin büdcəyə bərpa olunması həmin şəxsləri bu məsuliyyətdən azad etməməlidir. Təklif edirəm ki, Hesablama Palatası Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi vəzifələrə uyğun olaraq, dövlət vəsaitlərindən səmərəsiz istifadə edilməsi hallarına ciddi nəzarət etsin”, – deyə o əlavə edib.

Millət vəkili Malik Həsənov qeyd edib ki, gələcəkdə Hesablama Palatasının fəaliyyətinin təkmilləşməsi üçün bir sıra işlər görülməlidir: “Hesablama Palatasının səlahiyyətləri artırılmalıdır”.

Deputat Qüdrət Həsənquliyev bildirib ki, Hesablama Palatasında irəli sürülən təkliflər hər il mahiyyət etibarı ilə eyni olur: “Təklif edirəm ki, Hesablama Palatasının strukturuna hüquqşünaslar cəlb olunsun. Hesablama Palatası nəzarət apardığı bütün qurumlarda nöqsanlar aşkarlayıb. Deməli, biz sistemli şəkildə islahatlar aparmalıyıq. Qanunvericilik təkmilləşdirilməli, məhkəmə-hüquq sistemində islahatlar dərinləşdirilməlidir. Hazırda korrupsiyaya qarşı mübarizə gücləndirilib. İcra başçıları həbs olunur. Ancaq bu tipli cinayətlərdə rüşvətverənlər məsuliyyətə cəlb edilmir. Onları ya rüşvət verməyə məcbur edilib adı altında cinayət məsuliyyətindən azad edirlər, ya da istintaq orqanı ilə könüllü əməkdaşlıq etdiyi üçün. Amma bu hallar onları məsuliyyətdən azad etməməlidir. Onlar fikirləşir ki, hansısa formada cinayət məsuliyyətindən yayına biləcək. Bunun qarşısı alınmalıdır. Bunun üçün də qanunvericilik təkmilləşdirilməlidir. Bunun üçün Milli Məclisin komitələrinin üzərinə böyük yük düşür”.

Millət vəkili Vüqar Bayramov bildirib ki, dövlət satınalmaları ilə bağlı çatışmazlıqların hesabatda qeyd olunması müsbət haldır: “Nöqsanlar qeyd olunur, amma ümumi xarakter daşıyır. Onlarla bağlı konkret istinadlar yoxdur. Tenderlərin 3-də birində də məlumatlar ictimaiyyətə təqdim olunmur. Hansı qurumlar tərəfindən bunun edilməsinin ictimaiyyətə təqdim olunmasına ehtiyac var. Bu da çatışmazlıqdır. Bir mənbədən satınalma üsulundan hansı dövlət orqanlarının istifadə etdiyi də açıq şəkildə göstərilməlidir. Təklif edirəm ki, Hesablama Palatası post hesabat dövründə də gözləntilər ayrıca olaraq qeyd olunsun. Hesabatda qeyd olunub ki, ötən il problemli kreditlərlə bağlı ölkə başçısının sərəncamının icrası Hesablama Palatası tərəfindən audit olunub və müəyyən olunub ki, 15 min vətəndaşımız ona aid olan vəsaiti ala bilməyib. Təklif edirəm ki, onların niyə bunu ala bilməməsinə baxılsın. Eyni zamanda Büdcə Məcəlləsinin təkmilləşdirilməsinə ehtiyac var. Mərkəzi Bank tərəfindən 2 bankın lisenziyası ləğv edilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclis Hesablama Palatasının illik hesabatını qəbul edib

Sonrakı məqalə

Kamran Əliyev Baş prokuror təyin olundu