“Hər bir dilin inkişafını, düzgün istifadəsini şərtləndirən başlıca meyarlar sırasında onun söz ehtiyatının, lüğət tərkibinin zənginliyi və saflığı ilə yanaşı, təsbit edilmiş orfoqrafiya qaydalarının səlisliyi, bu qaydalara əməl olunmasını özündə ehtiva edən müvafiq vəsaitlərin, başlıca olaraq, mükəmməl orfoqrafiya lüğətinin mövcudluğu dayanır. Orfoqrafiya lüğətçiliyi tariximizə nəzər saldıqda dilimizin söz ehtiyatını, düzgün yazılış qaydalarını müəyyən edən ilk orfoqrafik vəsaitin 1929-cu ildə latın əlifbasında işıq üzü görmüş “İmla lüğəti” (müəllif V.Xuluflu) olduğunu, nəşrin 1940, 1960, 1975-ci illərdə genişləndirilərək kiril əlifbasında, 2004, 2013-cü illərdə yenidən latın əlifbasında (“Azərbaycan dilinin orfoqrafiya lüğəti” – Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu) çap edildiyini, növbəti nəşrlərdə söz ehtiyatının, ilkin olaraq müəyyən edilmiş 20 000-dən, dilin inkişaf prosesi üzrə 50 000-ə, sonrakı nəşrlərdə 75 000-ə yüksəldiyini, sonuncu beşinci və altıncı nəşrlərdə isə əvvəl 90 000-ə, daha sonra 110 000-ə çatdırıldığını izləmiş oluruq”.
“Report” xəbər verir ki, bu fikirlər Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsudun Mərkəz tərəfindən ərsəyə gətirilmiş “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nə yazdığı “Ön söz”də yer alıb.
“İlk baxışdan 90 illik lüğətçilik tarixini əhatə edən bu statistika ana dilimizin lüğət tərkibinin həyat axarıyla dövrün tələblərinə uyğun zənginləşməsi, müxtəlif funksional üslub sahələri üzrə zəruri leksik ifadə imkanları qazanması səbəbindən irəli gələn təbii söz artımı prosesi təəssüratını yaratsa da, son lüğətlər üzərində təhlil və araşdırma işlərinə başlanılarkən mənzərənin heç də göründüyü kimi olmadığı, xüsusilə son nəşrlərdə izlənən bu aktiv artım tempinin dilimizin aşınmasına, milli-mənəvi varlığımızın aşağılanmasına yönələn dağıdıcı proses olduğunun acı həqiqəti ilə üzləşmək məcburiyyətində qaldıq. Bu mənzərə 2004, 2013-cü illərdə Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu tərəfindən ərsəyə gətirilmiş orfoqrafiya lüğətlərində aparılan təhlil və araşdırmalar nəticəsində özünü daha qabarıq büruzə verdi.
Belə ki, əvvəlki lüğətlərdə yer almış minlərlə arxaikləşmiş, qeyri-işlək ərəb, fars sözlərinin bu nəşrlərdə də olduğu kimi saxlanıldığı, minlərlə sözün orfoqrafiya lüğəti formatına zidd olan ikili, bəzən üç variantda, yaxud tamamilə səhv yazılışda verildiyi, regional dialektlərə, loru ifadələrə gen-bol yer ayrıldığı, söz ehtiyatımızın mindən çox heç bir anlam kəsb etməyən çar-çar, car-cur, cur-cur, dız-dız, dın-dın, danq-danq, danq-dunq, vıj-vıj, vıj-qıj, zaranq-zaranq kimi səs təqlidi və onlara dair lüzumsuz törəmələrlə, eləcə də bir neçə sözdən düzəldilərək əcaib mənalar qazanmış ağızdandolma, cırtacırtetmə, cız-vızetmə, cövlanaçıxma, çəpikolma, dibdəndüşmə, dəyməağlarlıq, dır-dıretmə, ditetmə, dız-dızoynama, qalaq-qalaqoynama, əvəzedilməzsayılma, əzvayolma, fır-fırolma, gəzmələrdənolma, qəzetbasdırma, tartan-partanyazma, təyyarəçi-kişi, vəzifəgöstərmə, yumurtayadüşmə və s. bu kimi minlərlə söz quramalarıyla “zənginləşdirildiyi” araşdırma işlərinin ilkin mərhələlərindən müəyyən edildi. Yaranmış vəziyyət bu milli və dövləti məsələyə məsuliyyətli yanaşmanın vacibliyini, dilin konstitusiyası sayılan, dövlət gerbimiz, bayrağımız bərabərində milli dövlətçilik atributu olan dil qaynağı kitabımızın Azərbaycan ədəbi dilinin norma və qaydalarına müvafiq qaydada yenidən hazırlanması zərurətini gündəmə gətirdi”, – deyə lüğətin “Ön söz”ündə qeyd olunub.