“DİM deyir vəziyyət bərbaddır, Təhsil nazirliyi deyir ki, vəziyyət əladır” –

Məktəblərdə təlimin səviyyəsi necədir? (EKSPERT RƏYLƏRİ)
25 İyun 2021 - 08:24

Ötən il 42,8 faiz abiturient imtahanlarda 200 bal yığa bilməyib. Bu barədə Dövlət İmtahan Mərkəzinin «Abituriyent» jurnalında deyilir.

Cəmi 9,7 faiz abituriyentisə 500-700 bal toplaya bildi. Bu göstəricilər 2019-cu illə müqayisədə daha aşağıdır. Dövlət İmtahan Mərkəzi hətta qeydedir ki, 9 və 11-ci siniflərdə yazıb-oxumağı bacarmayan şagirdlər də var.

Məlumatda həmçinin deyilir ki, orta statistik abituriyent fənlər üzrə testlərin yalnız 27-58 faizinə düzgün cavab verib. “Test tapşırıqlarının məktəb proqramı çərçivəsində hazırlandığını və bu çərçivədən kənara çıxmadığını, qəbul imtahanında iştirak edənlərin məktəbin seçilən şagirdləri olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, orta statistic məzun məktəb proqramının 42-73 faizini mənimsəmir”.

Abituriyentlər tərəfindən göstərilən nəticələr niyə belə aşağıdır?

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Eldar Quliyev Turana bildirib ki, problem birinci növbədə koronavirus pandemiyası ilə əlaqədar dərslərin onlayn formata keçirilməsindədir. “Düzdür onlayn qaydada da müəllim danışır, izah edir, amma biz unutmamalıyıq ki, müəllimlə şagirdin, tələbənin birbaşa təması başqa şeydir”.

Komitə üzvü qeyd edib ki, onlayn tədris zamanı ölkənin bəzi yerlərdə internet işləmirdi, bəzi uşaqların mobil telefonu və kompüteri yoxidi. «Belə məsələlər istər-istəməz təhsilin səviyyəsinə təsir edir. Digər tərəfdən isə müəllimin qarşısında outran şağırd və ya tələbə böyük məsuliyyət hiss edir ki, qarşısında müəllimdir və verilən tapşırıqları yerinə yetirməsə valideynləri bu barədə biləcək. Onlayn dərslərdə isə bu məsuliyyət o qədərdə hiss edilmir».

Quliyev qeyd edib ki, bu aşağı nəticələr pandemiyanın verdiyi ziyanlardan biridir. «Burada nə müəllimin, nə də direktorun günahı var. Bəzi göstəricilərin aşağı düşməsi pandemiya ilə əlaqədardır».

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov isə bildirib ki, əslində Dövlət İmtahan Mərkəzi praktiki göstəricilərini imtahanlarda iştirak edən şəxslərə uyğun olaraq yoxlayır. «Bu günorta məktəblərin vəzifəsi ali təhsil müəssisələrinə qəbulu üçün tələbə hazırlamaq deyil. Qanunvericiliyə görə orta məktəblərin öhdəliyi minimum bilik və bacarıqları olan şəxsiyyət yetişdirməkdir».

Ekspert qeydedib ki, yazıb-oxumağı bacarmayan şagirdlər dedikdə Dövlət İmtahan Mərkəzi imtahanlar zamanı cavab kartında heç nə yazmayan şagirdləri nəzərdə tutur. «Amma bu doğru ölçmə aləti deyil. Bəlkə şagirdin ürəyi istəməyib nəsə yazmağa, bəlkə yazıb sonra köçürməyib? Biz belə şəxslərin statistic göstəricilərini aparmaq üçün fərdi yoxlamalar aparmalıyıq. İmtahan iştirakçılarının göstərdiyi nəticə təhsilin göstəricisi ola bilməz».

Əsədovun fikrincə, 9-cu sinifə çatan, amma yazıb-oxumağı bacarmayan yalnız iki kateqoriya şəxs ola bilər. «Biri Azərbaycanın müəyyən ərazilərində yaylaq və qışlaq həyatı sürən şəxslərin övladları ola bilər. Onların adı məktəbdəgedir, özləri isə məktəbə getmir. İkinci kateqoriyaisə «qaraçı» kimi tanınan köçəri tayfanın uşaqları ola bilər».

Ekspert vurğulayıb ki, vəziyyət görüləndən daha təhlükəlidir. «Yəni, Azərbaycan bölməsində plan yerləri çoxalır, məzunların sayı azalır, qəbul balları uyğun deyil və bunlar bizə xoş bir mənzərə təsəvvürü yaratmır. Axırda biz gedib hamıya bir-bir yalvaracayıq ki, gəl universitetə sənədləri ver. Bu tipli gedişatlar var. Keyfiyyətə gələndə isə biz 30 ildir biz təhsildə ciddi bir keyfiyyət artımına nail ola bilməmişik».

Onun sözlərinə görə, bir neçə məktəb var ki, ümumiyətlə şagirdləri ali məktəblərə qəbul olunmayıb, buraxılış imtahanların nəticələri aşağıdır, amma birdəfə də Təhsil nazirliyi bununla bağlı tədbir görməyib. «Bir dəfə də görməmişik Təhsil nazirliyi keyfiyyətin artırılması üçün iş görsün və yaxud da nəticələri zəif olan müəllimləri işdən çıxarsın. Fəaliyyətin nəticəyə çevrilməsi yoxdur. Hər il eyni vaxtda Dövlət İmtahan Mərkəzi «Abituriyent-12» jurnalını çıxardır, deyir ki, vəziyyət bərbaddır, ardınca da Təhsil nazirliyi «Hesabat» jurnalı çıxardır və deyir ki, vəziyyət əladır. Ortada isə qalan həqiqətəndə bərbad vəziyyətdə olan təhsildir», Əsədov qeyd edib.