DİM sədri: “Bəzi regionlarda 9-cu sinifdən sonra orta təhsildə qızların sayında kəskin azalma var”

24 Noyabr 2021 - 11:47

“Gender problemi ilə əlaqədar ən yanlış fikir bunun yalnız qadınlara aid məsələ olması fikridir”.

Məlumata görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Dövlət qulluğunda gender bərabərliyi üzrə kurikulum” vəsaitinin təqdimat mərasimində deyib.

O bildirib ki, bu, cəmiyyətin problemidir: “Qadınların fəal iştirakı cəmiyyətdə əlavə dəyər yaranmasına, fəaliyyətlərin çeşidlənməsinə səbəb olur. Avropada iqtisadiyyatçılar iqtisadi artım tempini gender bərabərliyi ilə əlaqələndirir”.

Onun sözlərinə görə, 15 ildə ali məktəblərə qəbulda texniki ixtisasları seçən qızların sayı kifayət qədər artıb: “Peşə imkanları olmayanların çoxu erkən nikahın qurbanı olur, öz haqlarını müdafiə etmir, onlara qarşı kobud rəftara dözməli olurlar. Bəzi regionlarda 9-cu sinif buraxılış imtahanlarından sonra orta təhsildə qızların sayında kəskin azalma olur. Bu da erkən nikah və ya qızların təhsildən uzaq tutulması tendensiyalarından xəbər verir”.