DİN 6 aylıq hesabatı açıqladı:- 288 kriminal qrup zərərsizləşdirilib, 4 ton narkotik tutulub

Daxili İşlər Nazirliyində (DİN) 2026-cı ilin ilk altı ayının əməliyyat-xidməti fəaliyyətinin yekunlarına həsr olunmuş Kollegiya iclası keçirilib.

Azpost.info bildirir ki, nazirlikdən verilən məlumata görə, iclasa sədrlik edən daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarının və Daxili Qoşunların hesabat dövründə cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması və vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində qarşıya qoyulan vəzifələri yerinə yetirdiyini bildirib.

Nazir qeyd edib ki, beynəlxalq və respublika əhəmiyyətli tədbirlər zamanı, eləcə də işğaldan azad olunmuş ərazilərdə təhlükəsizlik etibarlı şəkildə təmin olunub.

Cinayətlərin sayı azalıb

Kollegiya iclasında səsləndirilən hesabatda bildirilib ki, ilin ilk altı ayında ölkə üzrə 15 min 420 cinayət qeydə alınıb. Onların 95,4 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən araşdırılıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə:

ümumi cinayətlərin sayı 8,6 faiz,

ağır və xüsusilə ağır cinayətlər 6,5 faiz,

oğurluqlar 11,5 faiz,

dələduzluqlar 16,8 faiz,

quldurluq cinayətləri 44,2 faiz,

xuliqanlıq halları 12,5 faiz,

yetkinlik yaşına çatmayanların törətdiyi cinayətlər 15,3 faiz azalıb.

Bundan başqa, ailə münaqişələri zəminində törədilən cinayətlərdə, qrup halında törədilən hüquqpozmalarda və odlu silahdan istifadə edilən hadisələrdə də azalma qeydə alınıb.

Yol qəzalarında ölüm halları da azalıb

DİN-in məlumatına əsasən, yol-nəqliyyat hadisələrinin sayı 7,6 faiz, qəzalarda xəsarət alanların sayı 19 faiz, həyatını itirənlərin sayı isə 9 faiz azalıb.

Minlərlə cinayət açılıb

Hesabat dövründə həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayətlərin 93,9 faizi açılıb.

Bundan başqa:

əvvəlki illərdən bağlı qalan 218 cinayət açılıb;

operativ tədbirlərlə 3 min 13 cinayət aşkar edilib;

4 min 474 hüquqazidd əməlin qarşısı alınıb;

6 min 887 nəfər cinayət məsuliyyətinə cəlb olunub;

axtarışda olan 4 min 282 nəfər saxlanılıb.

4 tondan çox narkotik müsadirə edilib

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 4 ton 318 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Həmçinin 254 tondan artıq çətənə və xaş-xaş bitkisi məhv edilib.

Bu istiqamətdə fəaliyyət göstərən 41 cinayətkar qrup zərərsizləşdirilib, 2 min 652 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Minlərlə silah və sursat aşkarlanıb

Mütəşəkkil cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində 288 kriminal qrup, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 104 dəstə zərərsizləşdirilib.

Əməliyyatlar zamanı 3 min 88 odlu silah, 337 qumbara99 mindən çox patron aşkarlanaraq götürülüb.

Vilayət Eyvazov: Vətəndaş məmnunluğu əsas prioritetdir

Kollegiya iclasına yekun vuran Vilayət Eyvazov əldə olunan nəticələrin daha da yaxşılaşdırılması üçün tapşırıqlar verib. Nazir vurğulayıb ki, cinayətlərin qarşısının alınması, onların operativ açılması, vətəndaş müraciətlərinə həssas yanaşılması və hüquq pozuntuları nəticəsində vurulmuş ziyanın ödənilməsi istiqamətində işlər daha da gücləndirilməlidir.

Onun sözlərinə görə, vətəndaş məmnunluğunun təmin edilməsi dövlət başçısının müəyyən etdiyi əsas prioritetlərdən biridir və daxili işlər orqanlarının fəaliyyətində bu istiqamət xüsusi diqqətdə saxlanılmalıdır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.