“2 iyul Azərbaycan Polisi Günüdür. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün – 2 iyul Azərbaycan Polisi Günü elan edilib. Son 1 ildə Daxili İşlər Nazirliyi tərəfindən vətəndaş məmnunluğunun təmin edilməsi üçün çox ciddi addımlar atıldı”.
Bu sözləri özünün “facebook” səhifəsində tanınmış jurnalist Zaur İbrahimli yazıb. Jurnalist qeyd edib ki, son illər bu sistemdə tətbiq edilən yeniliklər diqqəti çəkir: “İlk növbədə “102” Xidmətinə məlumat verən şəxslərin fakt üzrə ilkin ərizənin alınması üçün polisə dəvət olunmaması ilə bağlı yeniliyi qeyd etmək olar. Bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov 2019-cu ilin dekabrında müvafiq əmr imzalayıb. Növbəti çoxdan gözlənilən addım ötən il noyabrın 1-dən şəxsiyyət vəsiqələrinin yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq verilməsi barədə qərar oldu. Bu qərara uyğun olaraq ərazi polis orqanlarının və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən nazirliyin qeydiyyat məsələləri qurumlarının əməkdaşları tərəfindən Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq verilir. Bu doğurdan insanların rahatlığını təmin edən, onları əsassız xərclərdən qoruyan bir qərar oldu. Qeyd edək ki, DİN tərəfindən hazırda 26 elektron xidmət göstərilir və yaxın perspektivdə bu istiqamətdə əhəmiyyətli irəliləyişlər olacaq.
Vacib məsələlərdən biri də son bir ildə daxili işlər orqanlarının orta məktəblərdə profilaktik tədbirləri gücəndirməsi qeyd edilməlidir. Karantin rejimi bu fəaliyyətləri yarımçıq qoysa da statistika göstərir ki, bu istiqamətdə necə miqyaslı işlər görülüb”.
Z.İbrahimli bildirib ki, DİN-in ictimaiyyətlə əlaqələri də normallaşıb: “DİN sosial şəbəkələrdə aktiv şəkildə qaldırılan məsələlərə, problemlərə reaksiya verir. Sosial şəbəkələr vasitəsilə kommunikasiyanın bütün imkanlarından istifadə olunur. İstər DİN Mətbuat Xidməti, istərsə də BŞBPİ Mətbuat Xidməti KİV-lə demək olar ki, real vaxt rejimində işləyir və faktiki olaraq 7/24 rejimində çalışırlar. Onu da qeyd etmək lazımdır ki, karantin rejiminin polis üçün əvvəllər misli görünməyən iş yükü yaratmasına baxmayaraq cinayətkarlıqla mübarizədə də yaxşı nəticələr qorunub saxlanılır. Daha bir yenilik isə polis əməkdaşlarının (DYP-də daxil) yeni geyim formasına keçməsi oldu. Dövlət başçısının Daxili İşlər Nazirliyinin rəhbərliyinə verdiyi göstərişin icrası ilə əlaqədar bayır xidmətində olan polis əməkdaşlarının daha müasir və rahat, həmçinin, daha keyfiyyətli materialdan olan yeni geyim forması ilə təmin olunması tələb olunurdu. Bununla əlaqədar DİN tərəfindən müvafiq tədbirlə görüldü. Yeni formaları müasirliyindən və yüksək keyfiyyətindən əlavə həm də bayır xidmətində olan əməkdaşların təhlükəsizliyi baxımından da önəmlidir. Belə ki, gecə vaxtı bu formalar həm də işıq əksetdirmə qabiliyyətinə malikdir”.
Jurnalist qeyd edib ki, Daxili Qoşunların potensilanın gücləndirilməsi baxımından da ötən bir il əlamətdar olub: “Xüsusən təlimlərin keçirilməsi və əməkdaşların mənzil şəraitinin, hərbi hissələrin maddi-texniki təchizatının yaxşılaşdırılması baxımından görülən işlər diqqətəlayqidir. Daxili İşlər Naziri vətəndaşların qəbulu ilə bağlı bölgələrə səfərlərinin hər brində daxili qoşunların hərbi hissələrinə baş çəkdi və hərbi qulluqçularla görüşdü, onları dinlədi”.