Doğma torpağında şəhid olan zabitin SONUNCU ZƏNGİ –

Ürəyinə daman başına gəldi - FOTOLAR
23 Noyabr 2020 - 11:47

Azərbaycan əsgəri yenilməzdir, qüdrətlidir… Torpaqlarımızın işğaldan azad olunmasıyla nəticələnmiş 44 günlük savaş – Vətən Müharibəsi bunu bir daha təsdiqləmiş oldu. Bu müharibədə Qarabağ uğrunda mərdliklə döyüşən, erməni faşistlərini pərən-pərən salan, onları torpaqlarımızdan iti qovan kimi qovan neçə-neçə qəhrəmanlar tanıdıq…

Haqqında bəhs edəcəyimiz baş leytenant Elçin Əzizov da belə qəhrəman döyüşçülərimizdən biri idi.

Vətən sevgisi, döyüş ruhu onun qəlbinə hakim idi. Ürəyi doğma torpaqları görmək istəyi, böyük Vətən eşqi, torpaq sevgisi ilə döyünürdü. Bu da təsadüfi deyildi… Axı özü də o bölgədən idi – Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindən…

Budəfəki təqdimatımız yuxarıda adını çəkdiyimiz baş leytenant Elçin Əzizov haqqındadır.

Elçin Əvəz oğlu Əzizov 30 mart 1985-cu ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulmuşdu. O, yalnız 2-ci sinfi Böyük Mərcanlıdakı orta məktəbdə bitirə bildi. 1993-cü ildə erməni təcavüzü nəticəsində ailəsi ilə birlikdə doğma torpaqları tərk eləmək məcburiyyətində qaldı.

Bundan sonra Elçinin həyatında məcburi köçkünlük həyatı başladı…

Bakıda məskunlaşdılar…

Elçin Əzizov orta təhsilini Bakıda – məskunlaşdıqları “Azərsutiknti” xəstəxanasının binası yaxınlığında fəaliyyət göstərən Zəngilan rayonu 28 saylı məktəbdə bitirdi.

Daha sonra ali məktəbə qəbul imtahanlarından uğurla keçib Azərbaycan Texniki Universitetinə daxil oldu.

2002-ci ildə atası Əvəz Əzizov doğma yurd nisgili ilə bu dünyadan köçdü… Elçinin atası Böyük Mərcanlıdan çox uzaqda – İmişli rayonunun Qızılkənd kəndindəki qəbiristanlıqda torpağa tapşırıldı. Bu hadisə ona çox pis təsir etmişdi…

Uşaqlıqdan Vətənə, torpağa məhəbbət ruhunda böyümüş Elçin atasının vaxtsız ölümündən sonra elə hey işğalçılardan qisas almaq haqqında düşünürdü.

2006-cı ildə Universiteti bitirərək, həqiqi hərbi xidmətə yollandı.

Əsgərliyi başa vurandan sonra – 2008-ci ildə ailə həyatı qurdu – dayısı qızı Sevda xanımla evləndi. Bu evlilikdən onların üç övladı dünyaya gəldi: Yusif, Duyğu və Uğur…

Doğma yurd yerlərinin düşmən tapdağı altında olması Elçin Əzizovu həmişə narahat edirdi. Elə buna görə də könüllü olaraq Dövlət Sərhəd Xidmətində – Sərhəd Qoşunlarında xüsusi təyinatlı kimi xidmətə başladı.

Qardaşı Cavid Əzizov deyir ki, Elçini Sərhəd Qoşunlarında xüsusi təyinatlı kimi işə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev şəxsən qəbul etmiş, bu bacarqlı oğlanın onun rəhbərliyi altında xidmət etməsini istəmişdi. Qəbul zamanı general ona belə bir sual da vermişdi:

– Səni Azərbaycanın ən ucqar bölgəsinə xidmətə göndərsəm gedərsənmi?

Elçin Əzizov düşünmədən cavab vermişdi:

– Cənab general, Azərbaycanın bayrağı harda dalğalanırsa, mən orda sevə-sevə xidmət etməyə hazıram.

Vətənin ərazi bütövlüyünü və sərhədlərimizin toxunulmazlığını bərpa etmək üçün xidmətə başlayan Elçin Əzizov tezliklə xüsusi təyinatlı kimi cəbhənin müxtəlif istiqamətlərinə ezam olundu. Ağdərə bölgəsində, Talış kəndi istiqamətində oldu, daha sonra doğma rayonuna – Cəbrayılın Cocuq Mərcanlı kəndindəki Lələ təpəsinə gəldi.

Elçin Əzizov nümunəvi xidmətinə görə bir sıra təltif aldı.

Dövlət Sərhəd Xidməti rəisinin 29 dekabr 2013-cü il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” (1918-2013)  yubiley medalı, 3 dekabr 2014-cü il tarixli əmri ilə “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi” (1919-2014) yubiley medalı, 18 avqust 2015-ci il tarixli əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı, 14 avqust 2019-cu il tarixli əmrilə “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi” (1919-2019) yubiley medalı ilə təltif olundu.

2016-cı ildə baş verən Aprel döyüşlərində göstərdiyi fədakarlığa görə baş leytenant hərbi rütbəsinə layiq görüldü.

Ölkə prezidentinin 16 avqust 2018-ci il tarixli sərəncamı ilə “Hərbi xidmətə görə” medalı, 16 avqust 2019-cu il tarixli sərəncamı ilə isə “Vətən uğrunda” medalı ilə təltif olundu.

Ailə üzvləri deyirlər ki, Elçin xaraktercə nəsildə hamıdan fərqli bir insan idi:

“Həddindən çox ünsiyyətcil, deyib-gülən, zarafatından qalmayan, qurub-yaratmaq üçün alışıb-yanan, yenilik sevən, imkanı daxilində kiməsə əl tutmağa, yardım etməyə çalışan bir insan idi. Sonradan bilmişdik ki, qızının sinif yoldaşının evinə bazarlıq edib aparıb, dəfələrlə imkansız ailədən olan əsgərlərin cibinə pul qoyub… Yəni bunları özü bizə deməmişdi… Sonradan öyrənmişik..
O qədər ünsiyyətcil, söz-söhbət adamı idi ki, onunla bir yerdə olan, yol gedən adam darıxmazdı. Hər dəfə onu ezamiyyətə göndərəndə əsgər yoldaşları çalışırdılar ki, Elçin olan maşına minsinlər. Onunla yol gedirdinsə, mənzil başına neçə çatdığından xəbərin olmazdı. Evə gələndə də hamını başına toplayır, o qədər şirin söhbət edirdi ki, bir də baxırdın gecə yarıya çatıb.
Sazı, saz havalarını çox sevirdi, özü çala bilməsə də, birini alıb evə qoymuşdu”.

Baş leytenant kimi qüsursuz xidmətə davam edən Elçin Əzizov inanırdı ki, bir gün Ali Baş Komandan torpaqlarımızı azad etmək üçün “İrəli!” komandası verəcək. Və nəhayət o gün gəldi…

Sentyabrın 27-də Vətən Müharibəsinin başlanmasına ən çox sevinənlərdən biri Elçin idi.

“O, bütün varlığı ilə inanırdı ki, bu müharibə bizim qələbəmizlə bitəcək. Elçin bizim hansı bir şərəfsiz düşmənlə üz-üzə dayandığımızı yaxşı bilirdi. Buna görə də yalnız Qələbə üçün vuruşmalı olduğumuzu vurğulayırdı.
Onu ancaq irəli getmək, düşməni geri oturtmaq, məhv etmək, torpaqlarımızı düşmən tapdağlndan xilas etmək düşündürürdü. Bizimlə telefon əlaqəsi saxlayanda da çox nikbin əhval-ruhiyyədə olur, zarafatından qalmır, narahat olmamağımızı tövsiyə edir, bayrağımızın tezliklə Cəbrayılda, Zəngilanda, Şuşada dalğalanacağını söyləyirdi”,- deyə Elçinin dayısı, həm də qayınatası Vaqif Əhmədov bildirir…

Evdə anası, xanımı və 3 azyaşlı uşağı Elçindən nigaran idi… Baş leytenant bunu bilirdi, amma uzun müddət intizarla gözlədiyi döyüşdə qorxu gözünə görünmür, hər nə olursa-olsun irəliləməyimizi istəyirdi…

Onun xəyalı Qarabağda – dogma Cəbrayılda, Füzulidə, Qubadlıda, Laçında, Zəngilanda, Ağdamda, Şuşada dolaşırdı. Qəlbinin vətən haraylı çağırışının arxasınca uçmağa da hazır idi ki, işğal altındakı torpaqlarımıza çata bilsin.

Müharibədən uğurla dönəcəyinə söz vermişdi… Savaşda qələbənin hansı ağır məhrumiyyətlər hesabına başa gəldiyini təsəvvür etmək çətin deyil. Vətən məhəbbəti, Qələbə eşqi bütün bunlara dözməyi, hər ağrıya-acıya üstün gəlməyi digər hərbçilər kimi Elçin Əzizova da “öyrətmişdi”.

44 günlük Vətən Müharibəsində qazanılmış böyük qələbədə Elçin Əzizovun da payı, xüsusi rolu oldu.

Elçin şəhid olmazdan əvvəl doğma Cəbrayılın azadlığı uğrunda vuruşdu, doğulduğu Böyük Mərcanlı kəndinin düşmən tapdağından xilas olmağını görə bildi…

O, Füzuli-Cəbrayıl istiqamətində gedən qanlı döyüşlərdə cəsurluq nümayiş etdirdi, bir sıra yaşayış məntəqələrinin düşməndən geri alınmasında iştirak etdi…

Dayısı Vaqif müəllimin sözlərinə görə, Böyük Mərcanlı işğaldan azad olundan sonra kənddəki xarabalıq mənzərədən təsirlənən Elçin hətta babası Oruc kişinin dağıdılmış iş yerinin qarşısında oturub ağlayıb da.

Cəsur zabitimizin sonuncu dayandığı yer Cəbrayıl rayonundakı Mahmudlu sərhəd zastavası idi.

Oktyabrın 13-də baş leytenant Elçin Əzizov Naxçıvandan olan mayor Malik Əliyevlə birgə Cəbrayıl rayonunun Sarıcallı kəndində ağır yaralanmış hərbçilərimizi xilas etməyə – savaş meydanından çıxarmağa gedərkən düşmən idarə olunan raketlə onların maşınını vurdu. Bu amansız atəş hər iki zabitimizi şəhid etdi…

Onu son mənzilə yola salmağa böyük izdiham toplaşmışdı. Baş leytenant Elçin Əzizov oktyabrın 15-də Bakıdakı İkinci Fəxri Xiyabanda dəfn edildi.

Şəhidin 4-cü sinifdə oxuyan böyük oğlu Yusif atasının hansı amal uğrunda canını fəda etdiyini yaxşı anlayır və bu üzdən də böyüyəndə hərbçi olmaq istədiyini deyir. Yaşından böyük düşüncə qabiliyyətinə malik olmağı ilə fərqlənən Yusifin bu günlərdə atasının məzarı üstünə yazıb qoyduğu məktub hamını təsirləndirib:

“Atam şəhid olandan sonra hərə bizə bir cürə yardım edir. Kaş onların yerinə mənə atamı bir dəfə qucaqlayıb öpmək və səsini eşitmək hədiyyəsini verə biləydilər”,-deyə o, məktubda qeyd edib.

Atasının Şəhadətə qovuşması balaca Yüsifin həyatında yeni bir səhifə açıb, onu şərəfli bir yola cıxarıb. Eləcə də digər övladları Duyğu və Uğuru…

Elçin Əzizovun şəhid olmazdan öncə ən sonuncu danışığı dayısı-qayınatası Vaqif Əhmədovla olub:

“Səhər-səhər zəng etmişdi, dedi vəziyyət çox yaxşıdı, ordumuz irəliləyir, yaxşı xəbərlər olacaq… İki saatdan sonra zəng çatmadı, telefonu sönmüşdü”…

Bundan öncəki gün Elçin həyat yoldaşı Sevda Orucova ilə əlaqə saxlamış, daha doğrusu telefonda yazışmışdılar…

“Tez gəl atası, o səni unudur, tanımır” deyə Sevda xanım noyabrın 1-də 1 yaşını tamam edəcək sonbeşik oğlu Uğuru nəzərdə tutaraq, Elçinə yazmışdı.

Baş leytenant isə sanki şəhid olacağını bilirmiş və xanımına verdiyi cavabda şəhadət yolundan bəhs etmişdi:“Sevda, sənə indiyə qədər deməmişəm, bu gecə ola bilsin nəsə olsun. İşdi, birdən nəsə olsa, narahat olmayın. Bir də şər deməsən, xeyir gəlməz. Birdən mənə nəsə olar, olsa, uşaqlar sənə əmanət, sən də Allaha. Öpürəm. Səni sevmişəm, sevirəm, sevəcəm həmişə… Bir də atamın yanına qoyarsınız məni…”.

Bu sözlərin qarşılığında “Elçin, dəlisən?”,-deyə xanımı baş leytenanta etirazını bildirmişdi…

Bu, onların sonuncu danışığı olur… Və Elçinin ürəyinə daman başına gəlir,.. zabitimiz şəhidlik zirvəsinə ucalır…

Noyabrın 10-da Qarabağda apardığımız Vətən Müharibəsi qələbəylə yekunlaşdı. Qələbədə payı olan Elçin də Qarabağın işğaldan azad edildiyi günü görməli, dogma kəndinin xilas edilməsinə doyunca sevinməliydi… Amma böyük və tarixi qələbəmizin sevincli günlərini görmək Elçinə qismət olmadı.

Bu, şəhidimizi dünyaya gətirən, onu böyüdüb boya-başa çatdıran qadını – Mələk ananı yandırıb-yaxsa da, oğlunu Vətən yolunda qurban verməyindən qürur duyur, fəxr edir…

Dayısı Vaqif Əhmədov:

“Elçinin arzusu, istəyi çox idi… Deyirdi ki, Cəbrayıl işğaldan azad olunandan sonra doğma rayondakı sərhəd zastavasında xidmət etmək istəyir, ata-baba yurdunda qurub-yaratmağı arzulayırdı”.

Elçin Əzizov vaxtilə Milli Qəhrəman Mübariz İbrahimovla birgə xidmət etmişdi… Tez-tez Mübarizin qəbrini ziyarət edirmiş…

Mübariz İbrahimov şəhid olandan sonra Azərbaycan əsgərinin hər biri bir MÜBARİZ olmuşdu!!! Elçin də həmçinin…

O, məhz Mübariz İbrahimovun getdiyi yolla yürüdü…

Bu gün Elçin Əzizovun qırxıdır. Şəhadətin mübarək, cənab baş leytenant!..