Dondurma alarkən nəyə diqqət etmək lazımdır?

Yay mövsümündə istehlakı artan dondurma məhsullarının təhlükəsizliyi həm istehsal və saxlanma şəraitindən, həm də istehlakçının seçim zamanı diqqətli olmasından asılıdır. Dondurma alarkən ilk növbədə məhsulun qablaşdırmasının bütöv və hermetik olmasına, etiket məlumatlarına, istehsal və son istifadə tarixlərinə diqqət yetirilməlidir.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib.

Vurğulanıb ki, məhsulun satışa təqdim edildiyi məntəqədə sanitar-gigiyenik tələblərə əməl olunması da mühüm əhəmiyyət kəsb edir. Açıq şəkildə satılan və ya qablaşdırılmamış dondurmaların satışı zamanı satıcının şəxsi gigiyena qaydalarına riayət etməsi, təmiz iş geyimi, bone və əlcəkdən istifadə etməsi vacib şərtlərdəndir.

Dondurmanın qabında əzilmə, deformasiya və ya zədələnmə izlərinin olması məhsulun əridikdən sonra yenidən dondurulduğu ehtimalını yarada bilər. Təkrar dondurulmuş məhsulların keyfiyyət göstəriciləri zəifləyir, dadı və tərkibi dəyişir, eyni zamanda, mikrobioloji risklər də arta bilər. Bu səbəbdən görünüşündə dəyişiklik müşahidə olunan məhsulları almaq tövsiyə edilmir.

Həmçinin qeyd olunub ki, dondurmanın təhlükəsizliyinin qorunması üçün saxlanma şəraiti də xüsusi əhəmiyyət daşıyır. Məhsul etiketdə göstərilən temperatur rejimində saxlanmalı, birbaşa günəş şüalarının təsirinə məruz qalmamalıdır. Açıq havada satış həyata keçirilən hallarda dondurma soyuducuları kölgəlik ərazilərdə yerləşdirilməli və xarici mühit amillərindən qorunmalıdır.

Bundan əlavə, dondurma digər qidalardan, xüsusilə çiy ət, toyuq və balıq məhsullarından ayrı saxlanılmalıdır. Bu tələbin pozulması çarpaz çirklənmə riskini artıraraq məhsulun təhlükəsizliyinə mənfi təsir göstərə bilər.

İstehlakçılar dondurma seçərkən yalnız məhsulun görünüşünə deyil, onun saxlanma və satış şəraitinə də diqqət yetirməlidirlər. Çünki düzgün şəraitdə saxlanılmayan və sanitar-gigiyenik tələblərə əməl olunmadan satışa çıxarılan dondurma sağlamlıq üçün risk mənbəyinə çevrilə bilər.

AQTA vətəndaşlara qida məhsullarını yalnız etibarlı satış məntəqələrindən almağa və məhsulun təhlükəsizliyi ilə bağlı şübhə yarandıqda aidiyyəti qurumlara müraciət etməyi tövsiyə edib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.