“Doqmatizmdən uzaq olmalıyıq, cəmiyyətin inkişafına əsas əngəldir” –

Prezident
13 Fevral 2020 - 00:45

“Biz xalqımıza xas olan dəyərləri nəsildən-nəslə ötürməliyik, onları itirməməliyik, qorumalıyıq. İndiki şəraitdə bunu etmək o qədər də asan deyil. Çünki indi dünya qloballaşır, informasiya heç bir sərhəd tanımır, – bu da müsbət haldır, – amma bununla bərabər dezinformasiya da heç bir sərhəd tanımır, feyk xəbər anlayışı 5-6 il bundan əvvəl mövcud deyildi. İndi bu, həqiqətdir və bunu etiraf edənlər dünyanın aparıcı ölkələrinin dövlət başçılarıdır. Onlar da bundan əziyyət çəkirlər”.

Azpost.info bildirir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında çıxışı zamanı deyib.

Dövlət başçısının sözlərinə görə, media bir tərəfdən artıq bütün sərhədləri aşaraq hər bir ölkəyə qədəm qoyur və bu, müsbət haldır: “Bildiyiniz kimi, Azərbaycanda da media azadlığı var, internet azaddır, heç bir senzura yoxdur. Digər tərəfdən, informasiya təxribatları, yalan məlumat, şər-böhtanla dolu məlumat da sərhədləri aşır. Biz buna hazır olmalıyıq, xüsusilə gənclər”.

Prezident qeyd edib ki, bizim uğurlu inkişafımızı bizdən çox istəyən yoxdur və taleyimiz öz əlimizdədir: “Artıq 30 ilə yaxındır ki, müstəqil ölkə kimi yaşayırıq və müstəqillik hər şeydən dəyərlidir. Ona görə milli dəyərlər, müstəqillik və müasirlik gələcək inkişafımız üçün çox önəmli amillərdir. Çünki biz doqmatizmdən uzaq olmalıyıq. Doqmatizm hər bir cəmiyyətin inkişafına əsas əngəldir”.

İlham Əliyev bildirib ki, strateji inkişaf yolumuz var – milli dəyərlərin qorunması, müstəqilliyin möhkəmləndirilməsi, bundan sonra da heç kimdən asılı olmamaq, heç vaxt kiminsə iradəsi ilə idarə olunmamaq və uğurlu iqtisadi-sosial inkişaf, təhlükəsizlik, sabitlik, dünyaya açıq olmaq və milli maraqlarımızın qorunması: “Bu, bizim strateji xəttimizdir. Bu, dəyişməz olaraq qalır, qalacaq və qalmalıdır”.